AZ

Məhkəməsi gedən Kamran Əsədova nələr qadağandır?

Xəbər verdiyimiz kimi, tanınmış təhsil eksperti Kamran Əsədov polis nəzarətinə götürülüb. 

O, bu gün Gəncədə məhkəmə prosesinə qatılıb. 

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul və buraxılış imtahanlarında qeydə alınmış qanun pozuntuları barədə açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədovun yol verdiyi cinayət işindən bəhs olunub. 

DİM təəssüflə bəyan edib ki, bəzi hallarda müəyyən şəxslər imtahanlarda “uğur” qazanamaq üçün müxtəlif qeyri-qanuni üsullardan çəkinmirlər. Belə ki, Gəncə şəhərində keçirilən ali məktəbələrə qəbul imtahanında bəzi abituriyentlərin üzərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və istifadəsi müvafiq orqanlar tərəfindən xüsusi icazə əsasında yol verilə bilən texniki vasitələr aşkarlanıb. 

Rəsmi məlumatda deyilir ki, istintaqın gedişi zamanı 29 oktyabr tarixində DİM zərərçəkmiş şəxs kimi tanınmış və istintaq məlumatları təqdim edilib. İttiham aktı ilə tanış olan zaman hazırda təqsirləndirilən şəxslər Abbasov Gündüz Yaşar oğlu və Əsədov Kamran Alim oğlunun da əməlləri üzə çıxəb. 

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. 

Bəzən şübhəli şəxslər barəsində “başqa yerə getməmə” iltizam qətimkan tədbiri tətbiq olunur. Eyni zamanda, xəbərlərdə bu, bəzən “polis nəzarətinə götürülüb” kimi də təqdim edilir. Bəs “başqa yerə getməmə” qətimkan tədbiri ilə polis nəzarəti eynidirmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, tanınmış hüquqşünas Roman Qaraşov bildirib ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (CPM) 7.0.38-ci maddəsinə görə qətimkan tədbiri təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun barəsində seçilən prosessual məcburiyyət tədbiridir: 

“Cinayət Prosessual Məcəlləsinin 154-cü maddəsi qətimkan tədbirlərinin növlərini ayrıca sadalayır və burada “başqa yerə getməmək barədə iltizam” (154.2.4) ilə “polisin nəzarəti altına vermə” (154.2.7) iki fərqli, hüquqi mahiyyətcə ayrı tədbir kimi göstərilir; 154.4-ə əsasən də bu əsas qətimkan tədbirləri “biri digərilə birlikdə seçilə bilməz”. 

“İltizam” şəxsin dövlət orqanı qarşısında yazılı şəkildə götürdüyü öhdəlik deməkdir, “nəzarət” isə öhdəliyin icrasının polis tərəfindən prosedurla izlənməsi və yoxlanması mexanizmidir. Ona görə də mediada “başqa yerə getməmə” qətimkan tədbirinin bəzən “polis nəzarətinə götürüldü” kimi verilməsi praktikada rast gəlinən ifadə olsa da, hüquqi baxımdan eyniləşdirmə düzgün deyil”. 

Onun sözlərinə görə, Cinayət Prosessual Məcəlləsində bu iki rejimi ayrı qətimkan tədbirləri kimi tanıyır: 

“Hər iki tədbirin seçilməsinin ümumi məqsədi isə CPM 155.1-də dəqiq göstərilib: şəxsin gizlənməsi, proses iştirakçılarına qanunsuz təsir göstərməsi, sübutları gizlətməsi/saxtalaşdırması, yenidən cinayət törətməsi və ya məhkəmə çağırışlarından yayınması kimi risklərin qarşısını almaq və hökmün icrasını təmin etmək. 

“Başqa yerə getməmək haqqında iltizam”ın məzmunu CPM 165.1-də texniki cəhətdən konkretləşdirilir: 

şübhəli və ya təqsirləndirilən şəxs yazılı öhdəlik götürür ki, cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacaq, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcək, gizlənməyəcək, cinayətkar fəaliyyətlə məşğul olmayacaq, təhqiqata, istintaqa, məhkəmə baxışına mane olmayacaq, çağırışlara gələcək və yaşayış yerini dəyişərsə məlumat verəcək. 

Bu tədbirlə şəxs, bir qayda olaraq, işinə gedə, təhsilini davam etdirə, ailə və məişət fəaliyyətlərini apara bilər, çünki CPM 165.1 bu tədbiri “tam təcrid” kimi deyil, davranış öhdəliyi kimi qurur. Amma mühüm məhdudiyyət ondan ibarətdir ki, şəxs “öz istədiyi vaxt” sərbəst şəkildə başqa yerə, xüsusən yaşayış yerini dəyişmə, şəhərdən, ölkə hüdudlarından kənara çıxma kimi hallara) gedə bilmir. 

Bunun üçün cinayət prosesini aparan orqanın icazəsi və ya qanunda nəzərdə tutulan qaydada məlumatlandırma tələb oluna bilər. Yəni “başqa yerə getməmək” rejimində əsas yük şəxsin üzərindədir. Dövlət “hər gün izləməkdən” çox, şəxsin öhdəliyinə arxalanır və pozuntu riski yaranarsa, daha ağır tədbir seçilməsi məsələsinə yenidən baxıla bilər (CPM 155.1; 155.5)”. 

O diqqətə çatdırıb ki, “polisin nəzarəti altına vermə” isə mahiyyətcə daha “operativ” və prosedurlaşdırılmış nəzarət rejimidir: 

“Cinayət Prosessual Məcəlləsi 169.1 bu tədbiri bilavasitə “müəyyən olunmuş hüquqi məhdudiyyətlərin tətbiqi” kimi təqdim edir. CPM 169.2-də bu məhdudiyyətlər dəqiq siyahı şəklində göstərilir. Nəzarətdə olan şəxs təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan başqa yerə gedə bilməz, həmçinin yaşayış məntəqəsi daxilində daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməz, polis tərəfindən müəyyən edilən cədvəl üzrə polis orqanına gəlib gəlişini qeyd etdirməlidir, istənilən anda polis orqanına çağırıla bilər; nəzarət üçün polis əməkdaşları zərurət olduqda onun iradəsinə zidd olsa belə mənzilinə gəlmək hüququna malikdir (CPM 169.2). Bu, o deməkdir ki, “polis nəzarəti” sadəcə ümumi mənada “nəzarətdədir” ifadəsi deyil, şəxsin gündəlik rejiminə birbaşa təsir edən, mütəmadi qeydiyyat və yerində yoxlama kimi mexanizmlərlə müşayiət olunan daha sərt qətimkan tədbiridir. 

Üstəlik, seçilmiş qətimkan tədbiri barədə qərarın icrası üçün həmin qərar şəxsin yaşayış yeri üzrə polis orqanına göndərilir, polis 24 saat ərzində şəxsi çağırıb qeydiyyata almalı və nəzarətin başladığını proses orqanına bildirməlidir (CPM 169.3).

Buna görə də praktiki nəticə belədir ki, polis nəzarəti altına verilmiş şəxs işləyə və ya təhsil ala bilər, lakin qeydiyyat cədvəli, icazəsiz hərəkət qadağası və polis çağırışına dərhal reaksiya tələbi onun gündəlik davranışını “iltizam”dan xeyli daha sərt çərçivəyə salır (CPM 169.2–169.3)”. 

Vəkil qeyd edib ki, yəni “başqa yerə getməmək haqqında iltizam” və “polisin nəzarəti altına vermə” eyni anlayış deyil: 

“Çünki biri əsasən yazılı öhdəlik (iltizam), digəri isə polis tərəfindən icra olunan nəzarət rejimi və əlavə prosedur məhdudiyyətlər sistemidir; həm də CPM 154.2-də ayrıca növlər kimi göstərildiyinə və 154.4-də “birlikdə seçilə bilməz” qaydası olduğuna görə eyniləşdirmə hüquqi cəhətdən ziddir. 

Bu tədbirlərin hansı halda seçilməsi isə “cəza vermək” üçün deyil, CPM 155.1-də sadalanan risklərin qarşısını almaq və prosesin normal gedişini təmin etmək üçün, 155.2-dəki meyarlar (əməlin ağırlığı, şəxsin sosial vəziyyəti, yaşayış yeri və s.) nəzərə alınmaqla qərarlaşdırılır”.

Seçilən
120
cebheinfo.az

1Mənbələr