Bakı, 19 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC
Azərbaycanda innovasiya və startap ekosisteminin formalaşması, startapçıların ideyalarının texnoloji layihələrə çevrilməsi, həmçinin investor maraqlarının hansı sahələrə yönəldiyi mütəmadi olaraq müzakirə edilən mövzulardandır.
Yerli bazarda bu sahədə son dövrlərdə atılan addımlar və regionda aparıcı mövqeyə çıxmaq üçün zəruri şərtlər barədə SABAH.HUB İnnovasiya Mərkəzinin İdarə Heyətinin üzvü Orxan Abbasov AZƏRTAC-ın suallarını cavablandırıb.
- Startap nədir və Azərbaycanda bu mühit nə yerdədir? Gənclər ideyalarını necə startapa çevirə bilərlər və onlara hansı dəstək göstərilir?
- Startap qısa müddətdə sürətli inkişaf və miqyaslanma potensialına malik olan, innovativ məhsul və ya xidmət təklif edən texnoloji layihədir. Klassik biznesdən fərqli olaraq, startaplar daha yüksək risk, daha sürətli sınaq-məhsullaşdırma dövrləri və daha qlobal ambisiyalar üzərində qurulur. Məqsəd ən qısa zamanda bazar uyğunsuzluğunu aşkar edib, həmin problemi effektiv şəkildə həll edən məhsulu yaradaraq geniş auditoriyaya çatdırmaqdır. Azərbaycanda startap mühiti hələ inkişaf mərhələsindədir və biz hazırda ekosistemin dinamik böyümə dövrünü yaşayırıq. Son illərdə dövlət və özəl sektor tərəfindən atılan addımlar ekosistemin daha səmərəli şəkildə formalaşmasına təkan verir. İnnovasiya mərkəzləri, texnoparklar, akselerasiya və inkubasiya proqramları, universitetlərdə startap laboratoriyaları - bütün bunlar startapçıların ideyalarını gerçəkləşdirməsi üçün real platformalardır. İnnovatorlar öz ideyalarını startapa çevirmək üçün ilk növbədə problemi dəqiq müəyyən etməli, bazar araşdırması aparmalı və prototip yaratmalıdırlar. Bu prosesdə onların qarşısında duran ən böyük suallardan biri dəstək mexanizmləridir. Bu gün Azərbaycanda SABAH.lab kimi həm yerli akselerasiya-inkubasiya proqramları, həm də beynəlxalq proqramların təmsilçiləri mövcuddur. Bundan əlavə, startapçılar üçün müxtəlif proqramlar, startap müsabiqələri və dövlət tərəfindən təşviq mexanizmləri var. Həmin imkanlar onların ideyanı sınaqdan keçirməsinə, biznes modelini formalaşdırmasına və investisiya cəlb etməsinə kömək göstərir. Əsas odur ki, ideyası olan hər bir şəxs düzgün istiqamət alsın, ekosistemdə mövcud olan resurslardan faydalanmağı bacarsın və qlobal düşünməyi hədəf seçsin.
- Daha çox hansı yöndə startaplara üstünlük verilir və beynəlxalq investorların diqqətini hansı startaplar cəlb edir?
- Hazırda həm regional, həm də beynəlxalq investorların diqqətini ən çox çəkən startaplar qlobal trendlərə cavab verən, xüsusilə də yüksək texnologiya və süni intellekt əsasında qurulan həllərdir. Dünyada innovasiya ekosistemi çox sürətlə dəyişir və bu dəyişikliklərə ən çevik uyğunlaşan startaplar investorlar üçün daha cəlbedici olur. Məsələn, süni intellektin biznes proseslərinə inteqrasiyası, süni intellekt (AI) modelləri, avtomatlaşdırma, səhiyyə və təhsildə rəqəmsal həllər, fintech-in yeni modelləri - bu sahələr bu gün investor portfellərinin əsas istiqamətlərini təşkil edir. Eyni zamanda, yalnız texnologiya tərəfi deyil, startapın miqyaslana bilmə potensialı, beynəlxalq bazarlara çıxış strategiyası və böyük həcmli auditoriyanı qısa müddətdə əhatə edə bilməsi də çox vacibdir. Investor üçün ən böyük sual budur: “Bu startap qlobal bazarda özünü doğruldub, rəqabətə tab gətirə biləcəkmi?” Məhz buna görə də region daxilində qlobal düşünən, məhsulunu yalnız lokal auditoriya üçün deyil, həm də Avropa, MENA və Amerika Birləşmiş Ştatları bazarları üçün dizayn edən startaplar daha çox diqqət çəkir. Həmçinin həmin startapların komanda strukturu, texniki bilik səviyyəsi və biznes modelinin dayanıqlılığı da vacib meyarlardandır.
- Qlobala düşə biləcək startaplar hansı özəlliklərə malik olur və startap mühitini inkişaf etdirmək üçün hansı addımlar zəruridir?
- Qlobal bazara çıxmaq potensialı olan startaplar, adətən, innovasiya səviyyəsi, texnoloji dayanıqlığı və miqyaslana bilmə sürəti ilə seçilir. Belə startapların əsas xüsusiyyəti qısa müddətdə geniş auditoriyanı əhatə edə bilən və müxtəlif bazarlarda eyni effektivliklə tətbiq oluna bilən məhsul və ya xidmət təqdim etmələridir. Yəni onların yaratdıqları həll yalnız lokal problemə deyil, universal bir ehtiyaca cavab verməlidir. Bu cür məhsullar daha çox süni intellekt, data analitikası, SaaS platformaları, avtomatlaşdırma və rəqəmsal transformasiya kimi yüksək texnologiyalara əsaslanır ki, bu da qlobal bazarda rəqabət qabiliyyətini artırır. Eyni zamanda, belə startaplar viral yayılma potensialına malik olur. Yəni istifadəçilər məhsuldan məmnun qaldıqca başqalarına tövsiyə edir, beləliklə, məhsul öz-özünə böyümə mexanizminə sahib olur.
Bu, həm ümumi xərcləri azaldır, həm də sürətli istifadəçi qazanmağa imkan verir. Komanda strukturu da böyük rol oynayır: qlobal ambisiya ilə düşünən, çevik və texniki bilikləri güclü olan komanda daha qısa müddətdə beynəlxalq səviyyəyə çıxmaq şansı qazanır. Bununla yanaşı, startaplara kommersiyayönümlü investisiyaların cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Bu cür investisiya mexanizmləri investorların marağını artırır, nəticə etibarilə startapların inkişafı və dayanıqlı dəstək mühitinin formalaşmasına təkan verir.
Startap ekosisteminin inkişafı yalnız uğurlu startapların daxili keyfiyyətləri ilə məhdudlaşmır. Bunun üçün ölkə səviyyəsində müəyyən strateji addımların atılması mühümdür. İlk növbədə, qanunvericilikdə startap fəaliyyətini dəstəkləyən və prosesləri sadələşdirən islahatların aparılması, qeydiyyat, vergi güzəştləri, intellektual mülkiyyətin qorunması kimi sahələrdə daha çevik yanaşmalar ekosistemin inkişafına böyük təkan verə bilər.
Digər mühüm məsələ dövlət və özəl sektorun ekosistemə verdiyi dəstəkdir. Şirkətlərin startap həllərindən daha çox istifadə etməsi, onlarla əməkdaşlıq qurması həm innovasiyanı sürətləndirər, həm də startaplara real müştəri mühiti yaradaraq onları daha dayanıqlı edər. Bununla yanaşı, investisiya imkanlarının genişləndirilməsi – mələk investor şəbəkələrinin, vençur fondlarının yaranması və xarici investorların cəlb olunması ekosistemin sürətli inkişafını təmin edən əsas faktorlardandır. Bu baxımdan, “Baku ID” innovasiya festivalı çərçivəsində region ölkələrinin vençur fondlarının eyni tədbirdə bir araya gətirilməsi həm kapital axınını stimullaşdırması, həm də regional əməkdaşlığı dərinləşdirməsi baxımından xüsusi önəm daşıyır. Təhsil və mentorluq mühiti də ekosistemin vacib hissəsidir. Universitetlərdə startap düşüncəsinin təşviqi, gənclərin real həyat problemlərini həll etməyə yönəldilməsi, “bootcamp” və “hackathon”ların təşkili onların ideyalarını daha tez formalaşdırmasına və ilk mərhələdə qarşılaşacaqları çətinlikləri daha az risklə aşmalarına kömək edir. Hazırda SABAH.academy-nin həyata keçirdiyi tədris proqramları və tələbələr üçün təşkil olunan “Demo Day”lər universitet mühitində sahibkarlıq bacarıqlarının gücləndirilməsinə yönəlmiş uğurlu təşəbbüslərdəndir.
Nəticə etibarilə, bu addımlar ölkədə qlobal potensialı olan startapların sayını artıracaq və Azərbaycanı regionun aparıcı innovasiya ekosistemlərindən birinə çevirəcək.