ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Rusiyada "çirkli puların yuyulması" və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizəni tənzimləyən 115 saylı qanun çərçivəsində 2025-ci il ərzində 30 mindən çox şirkət və fərdi sahibkarlıq fəaliyyəti dayandırılıb.
"Cebheinfo.az" xəbər verir ki, Toçka Bank tərəfindən açıq dövlət reyestrləri əsasında aparılan araşdırmaya görə, bu rəqəm qanunun tətbiqində ciddi bir dönüş nöqtəsinə işarə edir. 2024-cü ilin sonuna qədər demək olar ki, tətbiq olunmayan bu mexanizm, 2025-ci ildə iş dünyası üçün genişmiqyaslı bir “təmizləmə dalğasına” çevrilib.
RBC-yə danışan ekspertlər bu artımı nəzarət sistemlərinin avtomatlaşdırılması ilə əlaqələndirirlər. Mərkəzi Bank və Vergi Xidmətinin riskli əməliyyatları müəyyən edən rəqəmsal platformaları işə salması nəticəsində, şübhəli maliyyə hərəkətləri olan şirkətlər birbaşa reyestrdən silinməyə başlayıb.
Təkcə 2025-ci ilin ilk 11 ayında 22 min 800 hüquqi şəxs və 7 min 700 fərdi sahibkarlıq bu səbəblə bağlanıb. Bu rəqəm, il ərzində bağlanan bütün şirkətlərin təxminən 10 faizini təşkil edir.
Ümumi mənzərəyə baxıldıqda, Rusiyada biznes strukturlarının sürətlə dəyişdiyi görünür. Fərdi sahibkarlıq fəaliyyəti artdığı halda, hüquqi şəxslərin sayı azalır. Vergi üstünlükləri, aşağı inzibati yük və daha çevik struktur səbəbilə bir çox sahibkar ya fəaliyyətini dayandırır, ya da fərdi sahibkarlığa keçir. Ekspertlərə görə, bu tendensiya iqtisadiyyatda daha kiçik, mobil və onlayn yönümlü sahibkarlıq modelinin gücləndiyini göstərir.
Sektorlar üzrə bölgüdə isə turizm və səhiyyə xidmətləri ön plana çıxır. Səyahət agentlikləri və kiçik tibbi xidmətlər 2025-ci ildə dövriyyə artımı əldə etdiyi halda, taksi, sərnişindaşıma və avtomobil ticarəti ciddi daralma yaşayan sahələr arasında yer alıb.
Analitiklər artan xərclər, azalan tələbat və sərtləşən nəzarətlərin xüsusilə aşağı gəlirli sahələrdə “təbiətə uyğun seçim” prosesini sürətləndirdiyini vurğulayırlar. Bu baxımdan 115 saylı qanun təkcə nəzarət vasitəsi deyil, həm də Rusiya biznes mühitində struktur dəyişikliklərinin əsas alətlərindən birinə çevrilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.