AZ

İndira Hacıyeva: Konstitusiyanı sadəcə əzbər bilmək yox, dərk etmək də vacibdir

Bakı, 19 dekabr, AZƏRTAC

Gənclər üçün belə tədbirlərin davamlı keçirilməsi çox vacibdir. Çünki Konstitusiya mürəkkəb və çoxşaxəli sənəddir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında gənclər və idman nazirinin müavini İndira Hacıyeva Azərbaycan İdman Akademiyasında (ASA) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya: 30 il sonra. Yeni mərhələdə gənclərin iştirakı” mövzusuna həsr olunmuş tədbirdən sonra deyib.

O bildirib ki, Konstitusiya həm dövlətimizin qürur mənbəyidir, həm də vətəndaşların hüquq və vəzifələrini müəyyən edən sənəddir: “Konstitusiyanın gənclər üçün əhəmiyyəti ondan ibarətdir ki, onlar öz hüquqlarını, azadlıqlarını və məsuliyyətlərini məhz bu sənəd vasitəsilə öyrənirlər. Bu biliklər gənclərin cəmiyyətə daha fəal və məsuliyyətli vətəndaş kimi qoşulmasına kömək edir. Əgər gənclər Konstitusiyanın mahiyyətini dərk etməsələr, hüquq və vəzifələrinə biganə yanaşa bilərlər. Bu isə onların həm şəxsi, həm də cəmiyyətin ümumi inkişafına mənfi təsir göstərə bilər”.

Nazir müavininin sözlərinə görə, Konstitusiyanı sadəcə əzbər bilmək vacib deyil, əsas məqsəd onun məzmununu anlamaqdır: “Gənclər başa düşməlidirlər ki, Konstitusiya onların hüquqlarının qorunmasına xidmət göstərir və eyni zamanda dövlət qarşısında daşıdıqları məsuliyyəti müəyyən edir. Bu baxımdan, belə maarifləndirici tədbirlər gənclərin dünyagörüşünün formalaşmasında önəmli rol oynayır və onların gələcəkdə daha şüurlu və fəal vətəndaş olmalarına şərait yaradır”.

 

Seçilən
99
azertag.az

1Mənbələr