"Avropa Parlamenti bir qayda olaraq Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Müntəzəm olaraq qərəzli bəyanatları, qətnamələri ilə Azərbaycana siyasi təsir göstərməyə çalışan bu qurum unudur ki, heç bir qüvvə bizimlə ultimatum dili ilə, təzyiq və ya təhdidlə danışa bilməz".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Avropa Parlamentinin dekabrın 18-də qəbul etdiyi qətnaməni şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, sözügedən qətnamə tamamilə qərəzlidir və Avropadakı hansısa siyasi təsisatların sifarişi əsasında hazırlanıb:
"İnsan hüquq və azadlıqlarını əldə bayraq tutan Avropa Parlamenti yaxşı olardı ki, eyni prinsipləri Azərbaycan ərazilərinin işğal edildiyi illəırdə də ön plana çıxarar, bir milyona yaxın soydaşımızın Ermənistanın işğalçılıq siyasəti nəticəsində çətin şərtlər altında yaşadığını dilə gətirərdi. Yaxud, Qərbi Azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmaq arzusuna adekvat reaksiya verər, Ermənistandan soydaşlarımızın haqq və hüquqlarına hörmətlə yanaşmağı tələb edərdi. Lakin Avropa Parlamenti bunların heç birini dilə gətirmir. Bu azmış kimi Azərbaycanı həddən artıq qərəzli şəkildə nələrdəsə ittiham edir".
Millət vəkili deyib ki, qurumun Azərbaycanda dini etiqad azadlığının pozulması ilə bağlı iddiası da kökündən yalnışdır və belə bir ittihamı Azərbaycana qarşı səsləndirmək siyasi riyakarlıqdan, olanları görməməzlikdən gəlməkdən başqa bir şey deyil:
"Azərbaycanda mövcud olan dini və milli tolerantliq bütün dünyaya məlumdur. Hətta ölkəmizin bu sahədə həyata keçirdiyi tədbirlər dünyaya nümunə kimi göstərirlir. Ermənistanda Paşinyan hakimiyyəti az qala kilsəyə qarşı səlib yürüşünə çıxdığı halda bunu görməməzlikdən gəlmək, əvəzində Azərbaycanda dini və milli zəmində problemlər olduğunu iddia etməkm cəfəngiyyatdır. Bütün bunlar avroparlamentarilərin sifariş əsasında fəaliyyət göstəridklərini bir daha ortaya qoyur".
Süleyman