AZ

Avtomobil bazarları tarixə qovuşur? – Satışlar onlayn məkana köçür

Azərbaycanda maşın bazarına gedənlərin sayı azalıb, alıcılıq qabiliyyəti düşüb. Bunun səbəbləri arasında idxalla bağlı yeni qərarlar, mövsümi faktorlar və ikinci əl avtomobil bazarlarında durğunluq göstərilir. Lakin hibrid və elektrikli maşınların idxalında artım var. Bəs bu fonda yaxın gələcəkdə maşın bazarları ləğv oluna bilər?
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan avtomobil məsələləri üzrə ekspert Eyyub Əliyev bildirib ki, artıq elə bir tendensiya formalaşıb ki, insanlar avtomobillərini alarkən və ya satarkən əsasən internet üzərindən, xüsusilə də sosial şəbəkələr vasitəsilə bu prosesi həyata keçirirlər:
“Xüsusilə ikinci əl avtomobillər sosial şəbəkələrdə günün istənilən saatında, səhər, axşam, gecə, vaxt məhdudiyyəti olmadan satılır. Müşahidələrimiz göstərir ki, bir çox avtomobil salonları da gecə saatlarında belə internet üzərindən avtomobilləri reklam edir və qısa müddətdə satışını həyata keçirirlər. Düzdür, qiymətlər nisbətən aşağı olur, lakin artıq ənənəvi avtomobil bazarı bu proses fonunda yavaş-yavaş tarixə qovuşur. İnsanlar indi düşünür ki, vaxt sərf edib bazarı gəzməyə ehtiyac yoxdur. Lazım olan avtomobili birbaşa onlayn görür, bəyənir və gedib alır və ya öz avtomobilini elə orada satışa çıxarır. Bu praktika getdikcə daha da geniş yayılır”.
Ekspert əlavə edib ki, eyni zamanda ikinci əl avtomobillərin qiymətlərində də dəyişiklik müşahidə olunur:
“Əvvəlki illərlə müqayisədə bəzi avtomobillərin qiyməti 35–40%-ə qədər enib. Bu da bazarda real qiymətlərin formalaşdığını göstərir.
Əvvəllər süni qiymət artımları olurdu. Lakin ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə verilən güzəştlər və insanların yeni avtomobillərə marağının artması fonunda, xüsusilə mühərrik həcmi böyük olan və yaşı 8–12-dən yuxarı olan avtomobillərin qiymətləri artıq bazar tərəfindən tənzimlənir və daha real səviyyəyə düşür”, – ekspert vurğulayıb.
Seçilən
132
1
nocomment.az

2Mənbələr