ABŞ dövlət katibi Marko Rubio ABŞ Prezidenti Donald Tramp ilə Venesuela prezidenti Nikolas Maduro arasında birbaşa danışıqların mümkünlüyünü istisna etmədiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə ABŞ Dövlət Departamentində jurnalistlərlə söhbəti zamanı danışıb.
Rubio qeyd edib ki, Tramp danışıqları “güzəşt” kimi qiymətləndirmir və istənilən tərəflə danışmağa hazırdır.
“Prezidentin danışıqları ilə bağlı şərh verməyəcəyəm. Yalnız onu deyə bilərəm ki, prezident, gördüyünüz kimi, hər kəslə danışmağa hazırdır. O, danışıqları güzəşt hesab etmir”, - ABŞ dövlət katibi Tramp və Maduronun mümkün şəxsi görüşü ilə bağlı suala cavab verərkən bildirib.
Rubio əlavə edib ki, bu məsələnin gələcək inkişafı ilə bağlı əlində yeni məlumat yoxdur.
“Bu mövzuda nə nikbin, nə də bədbin olmaq üçün əsasım var. Prezidentin ixtiyarında olan variantlar, o cümlədən diplomatik imkanlar barədə şərh verməyəcəyəm”, - deyə o vurğulayıb.