Editor.az İnformasiya Portalının Baş redaktoru Fərid Şahbazlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilən “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.
Fərid Şahbazlı qeyd edib ki, dövlət tərəfindən media sahəsinə göstərilən ardıcıl diqqət və yüksək etimad jurnalistlər üçün böyük məsuliyyət yaradır və onları daha peşəkar fəaliyyətə təşviq edir. O, bu etimada görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkürünü ifadə edərək, gələcək fəaliyyətində cəmiyyətin obyektiv və peşəkar informasiya ilə təmin olunması, media dəyərlərinin qorunması və Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliğ edilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, yubiley medalı ilə təltif olunan şəxslər uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də Azərbaycan milli mətbuatının inkişafına verdikləri töhfələrə görə bu yüksək mükafata layiq görülüblər.
Yubiley medalı Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın tarixi missiyasına, jurnalist əməyinə və medianın cəmiyyətin inkişafındakı mühüm roluna verdiyi yüksək qiymətin bariz ifadəsi olaraq, dövlət başçısının 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib.
Prezidentin imzaladığı bu Fərman Azərbaycan milli mətbuatının 150 illik şərəfli yoluna dövlət səviyyəsində göstərilən xüsusi diqqət və qayğının, söz və informasiya azadlığının inkişafına verilən mühüm töhfənin növbəti təzahürüdür.
//Editor.az
