Xəbər verdiyimiz kimi ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Binəqədi Rayon Məhkəməsinə “ABC-Telecom” MMC-nin “Kontakt” mağazalar şəbəkəsi adı altında fəaliyyət göstərən strukturu barəsində iddia ərizəsi təqdim edib.
"Məhkəmədə məlum oldu ki, cavabdeh qurum - vətəndaşlara qarşı çoxsaylı hiylə və fırıldaqçılıq əməlləri ilə tanınan “Kontakt” bu dəfə heç bir sübut və fakta əsaslanmadan, altdan-altdan mənə qarşı saxta ərizə ilə məhkəməyə müraciət edib.
Ən maraqlı və eyni zamanda ən absurd məqam ondan ibarətdir ki, cəmi iki vərəqdən ibarət olan bu “ərizə”də onlar məhkəmədən xahiş ediblər ki, işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılsın. Açıq-aydın görünür ki, məqsəd məhkəməni aldatmaq, məsuliyyətdən yayınmaq və məsələni ört-basdır etməkdir", - deyə Üzeyir Cəfərov bildirib.
Qeyd edib ki, bu cəhdə qarşı yazılı etirazını hakim Səidə Məmmədovanın katibinə təqdim edib: "Növbəti məhkəmə iclasında isə “ABC-Telecom” MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Rauf Xudayar oğlu Süleymanlıdan imza atdığı sənədlərə dair konkret fakt və sübutların təqdim olunmasını tələb edəcəyəm.

Bu qurum artıq o həddə gəlib çatıb ki, məhkəməyə sübut təqdim etmək əvəzinə, ağızlarına və ağıllarına gələn yalanları kağıza köçürməkdən çəkinmirlər. Onların hansı yalanlara əl atdıqlarını hələlik açıqlamıram – qoy məhkəmə qarşısında özləri cavab versinlər.
Əminliklə bildirirəm ki, “Kontakt” mağazalar şəbəkəsinin indiyədək saysız-hesabsız vətəndaşa qarşı törətdiyi cinayət tərkibli əməllər gec-tez hüquqi qiymətini alacaq. Mən bu məhkəmə prosesini sona qədər davam etdirəcəyəm. Məqsədim təkcə şəxsi haqqımı qorumaq deyil, həm də “Kontakt” kimi fırıldaqçı və oğru şirkətlərin bağlanması, onların arxasında dayanan harın məmurların qanunun necə sərt və amansız olduğunu nəhayət anlamasıdır".
Üzeyir Cəfərov bildirib ki, kimliyindən və vəzifəsindən asılı olmayaraq, “Kontakt” mağazalar şəbəkəsi ifşa olunacaq: "Azərbaycanda belə strukturlara yer olmamalıdır və olmayacaq.
Bu fırıldaqçılarla növbəti məhkəmə görüşümüz 2026-cı il yanvarın 19-da keçiriləcək. “Kontakt” mağazalar şəbəkəsindən zərər çəkmiş bütün vətəndaşları həmin tarixdə Binəqədi Rayon Məhkəməsində gözləyirəm. Allah Azərbaycanımızı bu cür yaramaz və oğru talançılardan qorusun!"