AZ

İmran Xan və həyat yoldaşına 17 il həbs cəzası


Məhkəmə Pakistanın hazırda həbsdə olan sabiq baş naziri İmran Xanı və həyat yoldaşı Büşra Bibini 17 il həbs cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Geo News” telekanalı məlumat yayıb.
Məlumata görə, qərar Toşaxana (hədiyyələrin saxlandığı rəsmi dövlət anbarı) ilə bağlı ikinci korrupsiya işi üzrə qəbul edilib.
Onlar həmçinin qanunsuz olaraq bahalı hədiyyələr əldə etməkdə təqsirli biliniblər.
Telekanalın bildirdiyinə görə, söhbət sabiq baş nazir və həyat yoldaşının 2021-ci ildə Səudiyyə Ərəbistanı hökumətindən aldığı dövlət hədiyyələrindən gedir.
Məhkəmə İmran Xanı və Büşra Bibini “etibardan sui-istifadə” maddəsi ilə 10 il, “Korrupsiyanın qarşısının alınması” haqqında qanunun müxtəlif maddələri ilə isə 7 il həbs cəzasına məhkum edib.
Bununla yanaşı, məhkəmə onların hər birinə 16,4 milyon Pakistan rupisi (təxminən 60 min ABŞ dolları) məbləğində cərimə təyin edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, ən böyük müxalifət partiyası olan “Ədalət Uğrunda Hərəkat”ın qurucusu İmran Xanı korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edib.
Siyasətçinin həyat yoldaşı Büşra Bibi də eyni ittihamla 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkumlar həmçinin əlavə altı ay həbslə nəticələnə bilən külli miqdarda pul cəzasına məhkum ediliblər.
Xan və həyat yoldaşının 2018-ci ildə rüşvət kimi torpaq sahələri aldıqları və “Al-Qadir Trust” xeyriyyə fondundan qeyri-qanuni gəlirləri yumaq üçün istifadə etdikləri bildirilir.
Seçilən
134
8
yeniavaz.com

7Mənbələr