“Ailədaxili münaqişələrin artması və bəzən ölüm hallarına səbəb olması ilk növbədə gənclərin ailə həyatına hazır olmaması ilə əlaqədardır. Görürsən ki, işi yoxdur, peşəsi yoxdur, təhsili yoxdur, hisslərə qapılaraq ailə qurur. Ya da qızı qaçırır, müvəqqəti bir kirayə ev tapırlar, heç biri işləmir, ondan sonra münaqişə başlayır. Bəzən də ortada sevgi olmur, kimlərinsə təkidi ilə ailə qururlar, münasibətləri normal olmur, münaqişə yaranır, sonra da faciəvi hadisələr baş verir”. Bunu Ajans.az-a açıqlamasında ailədaxili cinayətlərdən danışan millət vəkili Tahir Rzayev deyib. O bildirib ki, digər səbəb isə yaşlıların gənc ailələrə müdaxiləsidir: “Bu da xoşagəlməz nəticələrə səbəb olur. Təəssüf ki, ailə münaqişəsi zəmnində qətlə yetirilənlərin çoxu qadınlardır. Hər çətinlikdən ötrü ailə dağılmamalıdır, münasibətlər pozulmamalıdır. Ailənin bütövlüyü üçün hər kəs özü məsuliyyət daşımalıdır, bunun hansısa orqanın üstünə yıxmaq olmaz. Ailə quranların özləri, valideynlər çalışmalıdır ki, acınacaqlı hallar olmasın”.