AZ

Amnistiya aktının icrasına başlanıldı: “Minlərlə insanın...”

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin Qərarı qəbul edilib.

Ədliyyə Nazirliyi artıq dekabrın 19-da etibarən qərarın icrası istiqamətində işlərə başlanılıb. Amnistiya tətbiq edilən, dairəsi müəyyənləşdirilmiş şəxslərin siyahısı artıq hazırlanıb. Qərarın təxirəsalınmadan icrası barədə nazirliyin aidiyyəti struktur qurumlarına zəruri tapşırıqlar verilib. 

Ədliyyə Nazirliyi qeyd edib ki, Amnistiya aktının təqribən 8 min məhkumu əhatə edəcək:

"İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır. Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək. Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir". 

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı cəmiyyətdə böyük sevinclə qarşılanıb. Çünki bu, minlərlə insanın yenidən həyatlarına başlaması deməkdir. Amnistiya aktı məhkumların və onların yaxınları üçün mühüm əhəmiyyət kəsb edir. 

Bu akt vasitəsilə müəyyən cinayət törətmiş şəxslərə cəzadan tam və ya qismən azad olunma imkanı yaradılır. Əsas məqsədlərdən biri sosial adaptasiya və inteqrasiya prosesini dəstəkləməkdir. Amnistiya aktı əfv və bağışlanma dəyərlərinin gücləndirilməsinə xidmət edir.

Milli Məclisin deputatı Azər Allahverənov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu Amnistiya aktı bir çox göstəricilərinə görə həqiqətən də çox mütərəqqi bir addımdır:

"Cənab Prezident İlham Əliyevin belə bir təşəbbüslə çıxış etməsi olduqca mühümdür. Üstəlik, bunun bilavasitə "Konstitusiya və Suverenlik İli"nə və 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümünə təsadüf etməsi, məhz aktın əhəmiyyətini bir qədər də artırır.

Statistik göstəricilərinə görə, 20 minə qədər şəxsin əhatə olunmasını nəzərdə tutan bir Amnistiya aktıdır. Müxtəlif kateqoriyadan olan insanların bilavasitə bu Amnistiya aktının təsiri altına düşməsi olduqca vacibdir. Çünki həssas qruplara da xüsusi nəzər yetirilir və onların maraqları diqqət mərkəzində saxlanılır.

Qərar torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən şəxslərə, şəhidlərin ailə üzvlərinə, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumlarına, Azərbaycanın, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslərə və yaxınlarına, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumlarına, eləcə də Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş şəxslərə şamil olunacaq. Bütün bunlar çox yüksək qiymətləndirilir". 

Millət vəkili diqqətə çatdırıb ki, 5 min dən çox insanın azadlığa çıxması, min nəfərin üzərindən cinayət məsuliyyətinin götürülməsi, minlərlə insanın azadlıqdan məhrumetmə müddətinin azaldılması və ya digər formalarda məsuliyyətdən azad olunması nəzərdə tutulur:

"Bu, müstəqil Azərbaycan Respublikasının tarixində ən böyük amnistiya aktlarından biridir. 2021-ci ildə tətbiq edilən "Zəfər amnistiyası" 17 mindən çox insanı əhatə etdi. Bu dəfə isə 20 minə yaxın insana şamil olunur. 

Bu da onların ailələri ilə birlikdə yüzminlərlə insanın sevincinə səbəb olacaq. Bu, qalib dövlətimizin humanist və mərhəmət prinsipinə söykənən münasibətinin nümunəsidir. Dövlət bu şəxslərə bir şans verir və bağışlanma hissi göstərir". 

Azər Allahverənov vurğulayıb ki, dövlət cinayət məsuliyyətindən azad edilən şəxslərə yeni həyata başlamaq fürsəti verir:

"Bir növ bu insanlara ağ vərəqdən həyatlarına başlamaq şansı tanınır. Onlar bu fürsətdən istifadə edib, ailələrinin rifahı üçün çalışmalı, sağlam vətəndaş kimi cəmiyyətə qayıtmalıdır. Eyni zamanda, aidiyyəti qurumlar reabilitasiya və adaptasiya istiqamətində lazımi işlər görəcək.

Bu, dövlət, xalq, millət və cəmiyyət arasında qarşılıqlı etimad və hörmət prinsiplərinin güclənməsi üçün şərait yaradır. Ona görə də Azərbaycan xalqı bunu Prezident İlham Əliyevin növbəti humanist addımı kimi yüksək dəyərləndirir".

Seçilən
82
cebheinfo.az

1Mənbələr