AZ

Putinin Avropa ilə bağlı fikirləri Tramp və tərəfdarlarının mövqeyi ilə səsləşir Welt

ain.az, Bizimyol saytına istinadən bildirir.

Rusiya prezidenti Vladimir Putinin “İlin yekunları” ilə bağlı canlı yayım zamanı Avropa ölkələri ilə bağlı səsləndirdiyi fikirlər ABŞ lideri Donald Tramp və onun tərəfdarlarının mövqeyi ilə üst-üstə düşür.

Bizimyol.info xəbər verir ki, bu barədə dekabrın 19-da alman təhlükəsizlik üzrə eksperti Qustav Qressel "Die Welt" telekanalına müsahibəsində bildirib.

“Putin açıq şəkildə ABŞ-dakı auditoriyaya da müraciət edir. Avropa İttifaqının (Aİ) Avropanı mədəni məhvolmaya aparan liberal bürokratik nəhəng olması barədə bu ritorika, təbii ki, Tramp və onun tərəfdarları ilə rezonans doğurur”, – deyə Qressel qeyd edib.

Onun fikrincə, Rusiya dövlət başçısının bu mövqeyi Avropa elitaları ilə Tramp administrasiyası arasında onsuz da gərgin olan münasibətləri daha da çətinləşdirəcək.

Xatırladaq ki, dekabrın 19-da keçirilən birbaşa yayım zamanı Putin bəzi Avropa ölkələrinin liderlərinin kifayət qədər aqressiv və qeyri-peşəkar davrandığını, Avropanın Kiyev rejiminə dəstək məsələsində “özünü çıxılmaz yola saldığını” və bu yoldan dönməsinin çətin olduğunu deyib. Prezident əlavə edib ki, Avropanın bu siyasətinin digər səbəbi xarici siyasət, iqtisadiyyat və digər sahələrdə buraxılan səhvləri ört-basdır etmək cəhdidir. O, həmçinin Avropanın Rusiya olmadan yoxa çıxmaq riski ilə üzləşdiyini bildirərək, Almaniyanın sabiq kansleri Helmut Kolun Avropanın müstəqil sivilizasiya mərkəzi kimi qalmasının yalnız Rusiya ilə birlikdə mümkün olması barədə sözlərini xatırlatmışdı.

Dekabrın 5-də ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası dərc olunub. Sənəddə, xüsusilə, Avropa İttifaqı rəhbərliyinin və digər fövqəlmilli strukturların dağıdıcı siyasəti səbəbindən Avropanın 20 ildən sonra tanınmaz hala düşəcəyi və sivilizasiya kimi məhv olmaq həddində dayanacağı ilə bağlı narahatlıq ifadə edilir. Bu kontekstdə ABŞ administrasiyası bəzi Avropa ölkələrinin Vaşinqton üçün etibarlı müttəfiq olaraq qalmaq üçün yetərli iqtisadi və hərbi potensiala malik olub-olmayacağına şübhə etdiyini bildirib.

ABŞ prezidenti Donald Tramp daha əvvəl dəfələrlə Avropanı tənqid edib. O, "Politico" nəşrinə müsahibəsində Avropanın aparıcı siyasətçilərinin “indiki tərkibini” bəyəndiyini desə də, onların “işlərinin öhdəsindən pis gəldiklərini” vurğulayıb. Tramp gələcəkdə daha uyğun hesab etdiyi Avropa siyasətçilərini dəstəkləyəcəyini bildirib. O, həmçinin Avropa ölkələrinin miqrasiya siyasətini yenidən tənqid edərək, bu siyasətin gələcəkdə bir çox ölkəni “yaşamaq qabiliyyəti olmayan dövlətlərə” çevirəcəyini iddia edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
bizimyol.info

1Mənbələr