AZ

TƏCİLİ: Paşinyan sülh mesajı verdi: Gələn ilin ikinci yarısında…

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan neft məhsulları daşıyan qatarın ölkə ərazisinə daxil olmasının görüntülərini paylaşıb. O, videonun altında “Sülh indi reallıq olub” qeydi yazıb.

Maraqlıdır, 2026-cı ildə yekun sülh imzalana bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Paşinyanın paylaşımında müsbət məqamlar olsa da, bu fikir tam mənada reallığı əks etdirmir.

Cavanşir Abbaslı

Onun sözlərinə görə, hazırda Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları hələ də qalmaqdadır:

“Azərbaycan tərəfinin əsas və prinsipial tələbi həmin ərazi iddialarının Ermənistan Konstitusiyasından çıxarılmasıdır. Bu tələb yerinə yetirilmədən sülh sazişindən danışmaq mümkün deyil. Konstitusiyaya dəyişiklik isə yalnız referendum yolu ilə həyata keçirilə bilər”.

Cavanşir Abbaslı qeyd edib ki, hazırda Ermənistanda əsas diqqət iyun ayında keçiriləcək parlament seçkilərinə yönəlib:

“Paşinyan üçün əsas hədəf parlament seçkilərində qalib gəlməkdir. Bu səbəbdən yaxın aylarda konstitusiya referendumu keçirilməsi real görünmür. Bu şərtlər daxilində gələn ilin ilk yarısında sülh sazişinin imzalanacağını ehtimal etmirəm”.

Siyasi şərhçi ümumi mənzərədə isə 2026-cı ilin sülh üçün real il ola biləcəyini vurğulayıb:

“İyundan sonra ilin ikinci yarısı başlayır. Bu müddətdə referendum keçirmək və konstitusiyadan ərazi iddialarını çıxarmaq mümkündür. Bundan sonra sülh sazişinin imzalanması real görünür. Yəni, 2026-cı ildə sülh sazişi imzalana bilər, amma bu, ilin ikinci yarısında baş verəcək”.

Qeyd edək ki, Paşinyanın paylaşımı regionda sülh prosesinin gələcəyi ilə bağlı yeni müzakirələrə səbəb olub.
Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
97
1
konkret.az

2Mənbələr