AZ

Qadınlar niyə yaşca böyük kişiləri seçir? – Emosional ehtiyac, yoxsa…

Son vaxtlar qadınların özlərindən yaşca xeyli böyük kişilərlə münasibət qurmaq istəyi artıb. Bir çoxları bunu emosional boşluqlarla əlaqələndirirlər. Evlənən cütlüklərin yaş fərqi həmişə müzakirə mövzusu olub.

Bəzi ölkələrdə kişi və qadın arasındakı yaş fərqinin çox olması ailədaxili münasibətlərə təsir edəcəyi baxımından yolverilməz hesab edilir. Xüsusilə, qadının kişidən böyük olduğu hallar daha çox qınanılır. Azərbaycanda da bu belədir.

Bəs buna səbəb nədir: yaşlı şəxsin maddi imkanı, yoxsa emosional ehtiyaclar?

NOCOMMENT.az-a danışan psixoterapevt Sibel Piriyeva deyib ki, qadınların yaşca böyük kişilərlə evlənməsinin səbəblərini psixoloji baxımdan təhlil etdikdə, ilk növbədə psixoanalizin banisi olan Zigmund Freudun nəzəriyyəsinə rast gəlinir:

“Freudun psixoloji yanaşmasına görə, qadının atası ilə olan münasibəti onun gələcəkdə kişilərlə quracağı münasibətlərin əsasını formalaşdırır.

Bu yanaşmaya əsasən ata fiquru qadın üçün təhlükəsizlik, qorunma və sabitliyin simvoludur. Əgər qadın uşaqlıq dövründə atasından kifayət qədər diqqət, qayğı və sevgi görməyibsə, gələcəkdə yaşca böyük bir kişi bu emosional boşluğu dolduran fiqur rolunu oynaya bilər.

Digər tərəfdən, qadınların yaşca böyük kişilərə üstünlük verməsinin səbəblərindən biri də belə kişilərin daha yetkin və sabit görünməsidir.

Adətən 30 yaşdan yuxarı kişilər daha olğun, maliyyə baxımından müstəqil, həyat təcrübəsi olan və cəmiyyət tərəfindən qəbul edilən fərdlər kimi dəyərləndirilir. Bu xüsusiyyətlər qadın üçün təhlükəsizlik hissi yaradır və gələcəyə dair inam formalaşdırır.

Qadınların yetişmə tərzi də bu seçimdə mühüm rol oynayır.

Əgər qadın uşaqlıq və yeniyetməlik dövründə yaşıdlarından daha tez yetkinləşibsə, cəmiyyətdə deyildiyi kimi “tez böyüyübsə”, gələcəkdə yaşıd kişiləri yetərincə olğun və yetkin hesab etməyə bilər. Bu halda qadın emosional dərinlik və intellektual uyğunluq axtarışı ilə yaşca böyük kişilərə yönəlir.

Bununla yanaşı, sosial faktorlar da bu seçimə təsir göstərir. Cəmiyyətdə yaşca böyük kişinin özündən xeyli gənc qadınla ailə qurması adətən normal qarşılanır. Lakin qadının özündən yaşca kiçik bir kişi ilə ailə qurması çox vaxt tənqid və qınağa səbəb olur. Bu yanaşma patriarxal dəyərlər və kişinin cəmiyyətdəki mövqeyi ilə əlaqəlidir. Nəticədə yaşca böyük kişi ilə evlilik sosial baxımdan daha qəbulolunan və bəyənilən hesab edilir”.

Ekspert əlavə edib ki, kapitalist cəmiyyət quruluşunda isə maddi faktorlar da ön plana çıxır:

“Bəzi qadınlar yaşca böyük kişi ilə evlənərkən onun artıq müəyyən həyat tərzinə, sosial statusa və maddi sabitliyə sahib olduğunu düşünür. Bu da evliliyin daha rahat həyat şəraiti və sosial yüksəliş təmin edəcəyi inancını yaradır. Xüsusilə resurs çatışmazlığı və ya qeyri-sabit mühitdə böyümüş qadınlarda bu düşüncə daha güclü ola bilər.

Digər bir səbəb isə nəzarət məsələsidir. Bəzi qadınlar öz yaşıdı olan kişilərlə münasibətdə idarəetməni və nəzarəti çətin hesab edir. Yaşca böyük kişilərlə münasibətdə isə bu balansın daha rahat qurulduğunu düşünə bilirlər.

Nəticə olaraq qeyd etmək olar ki, qadınların yaşca böyük kişilərlə evlənməsinin arxasında psixoloji, sosial və maddi faktorlar dayanır. 

Lakin bu tip münasibətlərin müəyyən riskləri də mövcuddur.

Nəsil fərqi, dəyərlər sistemi, həyat tərzi və dünyagörüş fərqləri zamanla emosional və intellektual uçurum yarada bilər. Yaş fərqi səbəbilə tərəflər arasında ünsiyyətin zəifləməsi, qadının münasibətdə daha passiv mövqedə qalması mümkündür.

Bundan əlavə, yaşca böyük şəxslərdə sağlamlıq problemlərinin yaranma ehtimalı da qadının emosional ehtiyaclarının tam qarşılanmamasına səbəb ola bilər və bu, münasibətin keyfiyyətinə mənfi təsir göstərə bilər”, – ekspert yekunlaşdırıb.

Seçilən
142
nocomment.az

1Mənbələr