ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Avropa İttifaqı (Aİ) Ukraynanın maliyyələşdirilməsi üçün cəlb edilməsi planlaşdırılan ümumi borc üzrə hər il təxminən 3 milyard avro faiz ödəməli olacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Avropa Komissiyasının yüksək vəzifəli rəsmiləri məlumat verib.
Xatırladaq ki, Aİ liderləri qarşıdakı iki il üçün Avropa İttifaqının büdcə zəmanətləri altında birgə borclanma yolu ilə 90 milyard avro cəlb etməyə razılaşıblar. Bu vəsait Kiyevin maliyyələşdirilməsini təmin etməlidir. 2025-ci ildə Ukraynanın büdcə kəsirinin 71,7 milyard avro təşkil edəcəyi qiymətləndirilir.
Çexiya, Macarıstan və Slovakiya borc yükünün bölüşdürülməsində iştirakdan imtina etsələr də, Ukraynaya maliyyə yardımını bloklamamağa razılaşıblar. Qalan 24 ölkə üçün Avropa Komissiyası “genişləndirilmiş əməkdaşlıq” mexanizmi təklif edəcək; bu mexanizm onlara borc vəsaitlərini birgə cəlb etməyə imkan verəcək.
Daha əvvəl müzakirə olunan 210 milyard avroluq Ukraynaya yardım paketinin əhəmiyyətli hissəsi yeni borc planına daxil ediləcək. Plan mərhələli ödənişləri, korrupsiyaya qarşı şərtləri, eləcə də Kiyevin həm hərbi, həm də büdcə ehtiyaclarının maliyyələşdirilməsini nəzərdə tutur.
Plana əsasən, Ukrayna artıq 2026-cı ildə 45 milyard avro alacaq. Qalan vəsaitlər 2027-ci ildə ayrılacaq. Borclanmalar üzrə faizlər 2027-ci ildən hesablanmağa başlayacaq və əvvəlcə təxminən 1 milyard avro olacaq, 2028-ci ildən etibarən isə illik 3 milyard avroya yüksələcək.
Formal olaraq, Ukrayna krediti yalnız müharibə başa çatdıqdan və Rusiya tərəfindən reparasiyalar ödənildikdən sonra qaytarmalıdır. Lakin Aİ-də bu ssenarinin az ehtimal olunduğu düşünülür. Nəticədə, ittifaq borcu daim yenidən maliyyələşdirməyə məcbur qala və ya gələcəkdə dondurulmuş Rusiya aktivlərindən istifadə edə bilər.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.