AZ

Ermənistandan ruslara qarşı ŞOK – banklar hesab açmaqdan İMTİNA EDİR

Avropa İttifaqının Rusiyanı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi baxımından yüksək riskli ölkələr siyahısına daxil etməsindən sonra bir sıra ölkələrin bankları rusiyalı müştərilərə münasibətdə tələbləri sərtləşdirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RBC beynəlxalq biznes üzrə hüquqşünas və məsləhətçilərə istinadən yazıb.

Məlumata görə, Ermənistan və Serbiya bankları rusiyalı vətəndaşlara hesab açmaqdan və bank əməliyyatları aparmaqdan imtina etməyə başlayıblar. Bir çox hallarda xidmətlərin dayandırılması ətraflı izah verilmədən, yalnız “daxili komplayens tələbləri” ifadəsi ilə əsaslandırılır.

Bildirilir ki, bu praktika təkcə yeni müraciət edənləri deyil, əvvəllər açılmış hesabları da əhatə edir. Hətta yaşayış icazəsi, biznes fəaliyyəti və ya uzunmüddətli qalma statusu olan rusiyalıların hesabları da bağlanır.

Hüquq şirkəti O2 Consultingin məlumatına görə, Qazaxıstan, Tacikistan və Oman bankları da əməliyyatlara nəzarəti gücləndirib. Yeni tələblər həm fiziki, həm də hüquqi şəxslərə, o cümlədən Rusiya ilə əlaqəsi olan müştərilərə şamil edilir. Müştərilərdən daha tez-tez vəsaitlərin mənşəyini, köçürmələrin iqtisadi əsaslandırmasını və vergi statusunu təsdiqləmək tələb olunur.

Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda rusiyalıların şəxsi hesabları arasında köçürmələr belə dayandırılır, ayrı-ayrı vəziyyətlərdə isə vəsaitlər müəyyən edilməmiş müddətə dondurulur.

Hüquqşünaslar tələblərin sərtləşdirilməsini beynəlxalq tənzimləyicilərin və korrespondent bankların təzyiqinin artması ilə izah edirlər. Banklar ikinci dərəcəli sanksiyalardan ehtiyat edərək potensial riskləri əvvəlcədən minimuma endirməyə çalışırlar.

Qeyd edək ki, Avropa İttifaqı dekabrın əvvəlində Rusiyanı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riski yüksək olan ölkələrin “qara siyahısına” daxil edib. Bu siyahı FATF-in analoji siyahısına uyğun hazırlanıb və burada İran, Myanma və Şimali Koreya kimi ölkələr də yer alır.

Qərarın qəbul edilməsini Ukrayna, Avropa Parlamenti, eləcə də Mərkəzi və Şimali Avropanın bir sıra ölkələri fəal şəkildə dəstəkləyib. Məqsəd isə Ukrayna müharibəsi ilə bağlı danışıqlar fonunda Moskva üzərində təzyiqi artırmaq olub.

Seçilən
53
nocomment.az

1Mənbələr