Mütəxəssislər qırmızı ətin həddindən artıq istehlakının bəzi xərçəng növləri ilə birbaşa əlaqəli ola biləcəyi barədə xəbərdarlıq edirlər.
E-saglam.az xəbər verir ki, tibbi onkologiya üzrə mütəxəssis Prof. Dr. Nilüfer Avcı bildirib ki, qidalanma vərdişləri xərçəng riskinin formalaşmasında mühüm rol oynayır və sağlam həyat tərzi ilə bir çox xərçəng növünün qarşısını almaq mümkündür.
Onun sözlərinə görə, qırmızı ətin normadan artıq qəbul edilməsi yoğun bağırsaq, düz bağırsaq və prostat xərçəngi riskini artırır. Eyni zamanda artıq çəki və fiziki hərəkətsizlik də döş, uşaqlıq, yoğun bağırsaq və qida borusu xərçəngi ilə əlaqələndirilir. Bu səbəbdən gündəlik qidalanmanın balanslı qurulması xüsusi əhəmiyyət daşıyır.
Mütəxəssis vurğulayıb ki, risk yalnız qırmızı ətlə məhdudlaşmır. Emal olunmuş və turşu ətlər də yoğun və düz bağırsaq xərçəngi riskini yüksəldə bilər. Balıq istehlakının isə bu xərçəng növlərinə qarşı qoruyucu təsiri olduğu bildirilir. Balığın həftədə ən azı bir, imkan daxilində isə iki-üç dəfə rasiona daxil edilməsi tövsiyə olunur.
Qidanın tərkibi ilə yanaşı, onun istehsal və bişirilmə üsulları da sağlamlıq üçün önəmlidir. Səhv bişirmə texnikaları, pestisid və kimyəvi gübrə qalıqları qidaların zərərli hala gəlməsinə səbəb ola bilər. Bu maddələrin uzunmüddətli təsiri xərçəng riskini artıra bilər.
Prof. Dr. Avcı qeyd edib ki, kifayət qədər su qəbulu, mövsümi meyvə və tərəvəzlərin müntəzəm istehlakı xərçəngdən qorunmada mühüm rol oynayır. Gündəlik rasionda meyvə, çiy və bişmiş tərəvəzlərin yer alması, paxlalılara üstünlük verilməsi və zeytun yağından istifadə sağlam qidalanmanın əsasını təşkil edir.
Mütəxəssis əlavə edib ki, antioksidantlarla zəngin qidalar orqanizmi zərərli maddələrə qarşı qoruyur. Bununla belə, tək bir qidanın xərçəngdən tam qoruma təmin etmədiyini, əsas amilin ümumi həyat tərzi və qidalanma balansı olduğunu vurğulayıb.
Tərcümə: Könül Oruc
E-saglam.az