QƏBƏLƏ, 21 dekabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının XVI turunda “Qəbələ” və “Qarabağ” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Əli Əliyevin idarə etdiyi oyunda hesab matçın 6-cı dəqiqəsində açılıb. “Qırmızı-qaralar”ın futbolçusu Prins Ovusu fərqlənib. Görüşün 27-ci dəqiqəsində isə Bədavi Hüseynov “Qarabağ”ın heyətində qol vuraraq hesabı bərabərləşdirib. Matçın 79-cu dəqiqəsində isə Marko Yankoviç Ağdam təmsilçisinin qələbə qolunun müəllifi olub.
Bu nəticədən sonra Qurban Qurbanovun komandası 36 xalla turnir cədvəlinin liderliyinə yüksəlib. Kaxaber Tsxadadzenin kollektivi isə 8 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün növbəti matçında “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edəcək. “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək.