AZ

Azərbaycan heç bir qərəzli qətnamənin təsiri altına düşməyəcək RƏY

Bakı, 21 dekabr, AZƏRTAC

2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik, beynəlxalq hüquqa və prinsiplərə əsaslanan qətiyyətli qərarı nəticəsində Azərbaycan İkinci Qarabağ - Vətən müharibəsində tarixi Zəfər qazandı. Bu Zəfər sayəsində ölkəmiz 1990-cı illərin əvvəllərindən etibarən qonşu Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarını azad etdi. Beləliklə, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və uzun illər icrasız qalmış dörd məlum qətnaməni öz gücü ilə həyata keçirərək 30 il davam edən ədalətsizliyə son qoydu. Qazanılan bu möhtəşəm Zəfərdən sonra dünya dövlətləri, eləcə də BMT başda olmaqla, demək olar ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın apardığı ədalətli mübarizəni dəstəklədi və ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasını alqışladılar.

Lakin bütün bunlarla yanaşı, bəzi qüvvələr Azərbaycanın bu haqq işinə müxtəlif istiqamətlərdən kölgə salmağa, müharibənin nəticələri ilə barışmamaq üçün çirkin və qərəzli oyunlar qurmağa başladılar. Baxmayaraq ki, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan Hökuməti tərəfindən ardıcıl və məqsədyönlü addımlar atılır, bu prosesləri qəbul edə bilməyən qüvvələr məkrli fəaliyyətlərini davam etdirirlər. Onlar beynəlxalq nüfuzlarından sui-istifadə edərək ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir, Cənubi Qafqazda sülhün bərqərar olunması istiqamətində aparılan səylərə ciddi zərbə vurmağa çalışırlar.

Avropa Parlamentinin 2025-ci il dekabrın 18-də Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnamə isə bu qərəzli və ikili standartlara əsaslanan yanaşmanın bariz nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Onun sözlərinə görə, baş verən bütün qərəzli cəhdlərin əksinə olaraq, Azərbaycan davamlı sülhün əldə olunması naminə çoxvektorlu və konstruktiv fəaliyyət həyata keçirir. Ölkəmiz mövcud ikitərəfli və çoxtərəfli platformalarda fəal iştirak edərək əməkdaşlığa hazır olduğunu nümayiş etdirir, xalqların rifahı naminə Cənubi Qafqazda dayanıqlı sülh mühitinin formalaşdırılması üçün bütün maraqlı tərəflərə çağırışlar edir. Bu gün artıq aydın görünür ki, dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini qəbul edir, beynəlxalq təşkilatlar isə ölkəmizin sülhə yönəlmiş təşəbbüslərini yüksək qiymətləndirirlər.

Xüsusilə 2025-ci il avqustun 8-də ABŞ-da imzalanmış üçtərəfli Vaşinqton Bəyannaməsi mühüm siyasi hadisə kimi tarixə düşüb. Həmin sənəd nəticəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin əsas müddəalarının paraflanması Cənubi Qafqazda uzun illər davam edən münaqişə mərhələsinin faktiki olaraq başa çatdığını təsdiqlədi. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan bu razılaşma regionda sülh, sabitlik və əməkdaşlıq üçün yeni siyasi-hüquqi çərçivə formalaşdırdı.

Məhz bu kontekstdə Azərbaycan Respublikasının sülhə yönəlik ardıcıl və konstruktiv mövqeyi bir daha beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çıxır. Müharibədə qalib gələn Azərbaycan, eyni zamanda, sülh gündəliyini müəyyənləşdirən və diktə edən tərəf kimi çıxış edir. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu, praqmatik və gələcəyə hesablanmış xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan münaqişədən sonrakı dövrdə revanşizmə deyil, regional inteqrasiyaya, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına və geniş iqtisadi əməkdaşlığa üstünlük verdiyini konkret və real addımlarla nümayiş etdirir.

“Vaşinqton Bəyannaməsindən sonra paraflanmış sülh sənədi bölgədə yeni logistik imkanların genişlənməsi üçün də mühüm zəmin yaradır. Zəngəzur dəhlizi, Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə qlobal ticarət zəncirinin mühüm həlqəsinə çevrilməkdədir. Azərbaycan artıq təkcə enerji ixracatçısı kimi deyil, eyni zamanda, Avrasiya məkanında etibarlı logistika və tranzit mərkəzi kimi mövqeyini sürətlə möhkəmləndirir. Bu isə təkcə region ölkələri üçün deyil, həm də Avropa və Asiya bazarları baxımından strateji əhəmiyyət daşıyır.

Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu danılmazdır. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi strateji layihələr Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə diversifikasiya edib, bir sıra ölkələrin enerji asılılığının azalmasına real töhfə verib. Azərbaycan bu sahədə etibarlı və məsuliyyətli tərəfdaş olduğunu uzun illər ərzində ardıcıl fəaliyyəti ilə sübut edib. Buna baxmayaraq, Avropa Parlamentinin vaxtaşırı ölkəmizə qarşı qərəzli və birtərəfli qətnamələr qəbul etməsi ciddi suallar doğurur. Bu cür yanaşma Avropanın real strateji və iqtisadi maraqları ilə ziddiyyət təşkil etməklə yanaşı, ikili standartlara və siyasi riyakarlığa əsaslanan mövqenin açıq təzahürüdür”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, hazırda dünya siyasi arxitekturası müasir çağırışlar fonunda yenidən formalaşır. Qlobal güc balansında baş verən dəyişikliklər və regional aktorların artan rolu köhnəlmiş siyasi mexanizmlərin iflasa uğradığını açıq şəkildə göstərir. Bu şəraitdə geosiyasi təsir imkanlarını itirmiş, köhnə sistemin ayrı-ayrı əlaltılarının regionumuzda sülh prosesinə kölgə salmaq cəhdləri təəccüb doğurmur. Avropa Parlamentinin son qətnaməsi də məhz bu çevrələrin fəaliyyətinin növbəti təzahürüdür.

“Yalan məlumatlar və saxta iddialar üzərində qurulan bu cür sənədlərin qəbulu Cənubi Qafqazda sülh prosesinə açıq zərbə vurmaqla yanaşı, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də kölgə salır. Bu baxımdan Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinin qətnaməsinə cavab olaraq qəbul etdiyi bəyanat ölkəmizin prinsipial və qəti mövqeyinin ifadəsidir. Azərbaycan heç bir qərəzli siyasi sənədin təsiri altına düşməyəcək, regionda sülhün əsas təşəbbüskarı və təminatçısı kimi mövqeyini qətiyyətlə qoruyacaq. Azərbaycan öz yolunu dəqiq müəyyənləşdirib və bu yol sülhə, davamlı inkişafa və beynəlxalq əməkdaşlığa aparan yoldur. Cənubi Qafqaz artıq qarşıdurma məkanı deyil, əməkdaşlıq məkanına çevrilməkdədir. Bu prosesin mərkəzində isə güclü dövlət, etibarlı tərəfdaş və məsuliyyətli beynəlxalq aktor kimi Azərbaycan dayanır”, - deyən M.Əfəndiyev fikirlərini yekunlaşdırıb.

Seçilən
105
1
azertag.az

2Mənbələr