"Barselona" klubu ciddi kadr itkisi ilə üzləşib.
QOL.az xəbər verir ki, komandanın təcrübəli müdafiəçisi Andreas Kristensen məşq zamanı ağır zədə alıb.
Kataloniya təmsilçisinin məlumatəna görə, 29 yaşlı futbolçu dekabrın 20-də keçirilən məşq zamanı ehtiyatsız hərəkət nəticəsində sol dizinin ön çarpaz bağlarının qismən yırtılması fonunda zədələnib.
Aparılan tibbi müayinələrin nəticələrinə əsasən, futbolçuya cərrahi müdaxilə əvəzinə konservativ müalicə kursu təyin edilib. Klub bərpa müddətinin müalicənin gedişatından asılı olacağını bildirsə də, İspaniyanın nüfuzlu "Mundo Deportivo" nəşri danimarkalı oyunçunun təxminən 4 ay yaşıl meydanlardan uzaq qalacağını iddia edib.
Qeyd edək ki, Kristensen cari mövsüm bütün turnirlərdə 17 matçda iştirak edərək 1 qolla yadda qalıb. Onun klubla mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.