Niigata hakimiyyəti Kashiwazaki-Kariwa stansiyası ilə bağlı qərar verməyə yaxındır...
Yaponiyanın Niigata prefekturasının hakimiyyət orqanları bazar ertəsi dünyada ən böyük atom elektrik stansiyası hesab edilən Kashiwazaki-Kariwa AES-nin yenidən işə salınması ilə bağlı qərarı təsdiqləməyə hazırlaşır.
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Sözügedən AES 2011-ci ildə qəzaya uğramış “Fukusima–Dayiçi” atom elektrik stansiyasının operatoru olan Tokyo Electric Power Co (TEPCO) şirkətinə məxsusdur.
Kashiwazaki-Kariwa AES Tokiodan təxminən 220 kilometr şimal-qərbdə yerləşir və Fukusimada baş verən güclü zəlzələ və sunamidən sonra fəaliyyəti dayandırılan 54 Yapon AES-dən biri olub. Həmin dövrdən bəri Yaponiya enerji təhlükəsizliyini gücləndirmək və idxal olunan fosil yanacaqlardan asılılığı azaltmaq məqsədilə 33 mövcud atom stansiyasından 14-nü yenidən istismara verib. Məlumata görə, Niigata hakimiyyəti razılıq verərsə, TEPCO stansiyanın yeddi reaktorundan birincisini yanvarın 20-də yenidən işə salmağı nəzərdən keçirir.
Eyni zamanda, ictimai rəy bu məsələdə birmənalı deyil. Sorğular göstərir ki, prefektura əhalisinin təxminən 60 faizi “yenidən işə salınma üçün lazımi şərtlərin hələ formalaşmadığını” düşünür, demək olar ki, 70 faizi isə stansiyanın məhz TEPCO tərəfindən idarə olunmasından narahatdır. Bu narahatlıqları azaltmaq üçün şirkət cari ilin əvvəlində Niigata prefekturasına növbəti 10 il ərzində 641 milyon dollar sərmayə yatıracağına söz verib.
Yaponiya Ticarət Nazirliyinin hesablamalarına görə, Kashiwazaki-Kariwa AES-nin ilk reaktorunun yenidən işə düşməsi Tokiyoya elektrik enerjisi tədarükünü təxminən 2 faiz artıracaq. Baş nazir Sanae Takaici atom enerjisindən istifadənin bərpasını ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və idxal olunan fosil yanacaqların maya dəyərinin azaldılması baxımından vacib hesab edir. Hazırda Yaponiyada elektrik enerjisi istehsalının 60–70 faizi idxal edilən fosil yanacaqların payına düşür. Ötən il ölkə mayeləşdirilmiş təbii qaz və kömür idxalına 68 milyard dollar xərcləyib ki, bu da Yaponiyanın ümumi idxal xərclərinin təxminən onda birinə bərabərdir.
Poliqon.info