Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndərilən Rövşən Hətəmovun cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs beynəlxalq yükdaşımalar məqsədilə əldə etdiyi “MAN” markalı avtomobilin istismarı zamanı yaranan texniki nasazlıqların aradan qaldırılması üçün çəkilən xərclərlə bağlı zərərçəkmiş Vüsal Əhmədovla aralarında mübahisə yaranıb.
Rövşən Hətəmov xərclərin qəsdən şişirdildiyi qənaətinə gələrək ondan tələb edilən 1500 manat məbləği ödəməkdən imtina edib.
Hadisə günü tərəflər arasında “WhatsApp” tətbiqi vasitəsilə telefon danışığı olub. Daha sonra zərərçəkmiş şəxs tərəfindən edilən təkrar zənglər zamanı Rövşənin və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədilməsi onun qəzəblənməsinə səbəb olub. Bu səbəbdən təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə Vüsalı qəsdən öldürmək qərarına gəlib.
Cinayət niyyətini həyata keçirmək məqsədilə Rövşən yaşadığı ünvandan öz adına rəsmi icazə ilə saxlanılan 12 kalibrli “Churchill” markalı ov tüfəngini götürərək “Mercedes-Benz E 200” markalı avtomobillə Gəncə şəhəri, Cavadxan qəsəbəsinə gedib və zərərçəkmiş şəxsi həmin ünvana çağırıb.
2025-ci il tarixdə saat 21:43 radələrində təqsirləndirilən şəxs ov silahını atəşə hazır vəziyyətə gətirərkən təsadüfən havaya atəş açıb. Bundan sonra isə təxminən 2 metr məsafədən Vüsala bir dəfə atəş açaraq onun döş qəfəsi və qarın boşluğu nahiyəsinə nüfuz edən, daxili orqanların ağır zədələnməsi ilə müşayiət olunan odlu silah xəsarətləri yetirib. Zərərçəkmiş şəxsin yerə yıxılmasından sonra Rövşən silahın arxa hissəsi ilə onun baş nahiyəsinə dəfələrlə zərbələr endirib və nəticədə Vüsal Əhmədovu qəsdən həyatdan məhrum edib.
Məhkəmə istintaqı zamanı Rövşən Hətəmov ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində avtomobillə bağlı maliyyə mübahisələrinin uzun müddət davam etdiyini, hadisə günü isə zərərçəkmiş şəxsin onun ünvanına nalayiq ifadələr işlətdiyini və hədə-qorxu gəldiyini deyib. Təqsirləndirilən şəxs baş verənlərdən peşman olduğunu qeyd edərək məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.
Hökmə əsasən, Rövşən Hətəmov 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Kamal Məmmədov