"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Braziliya klubundan - "Botafoqo"dan Pedro Bikalyo üçün təklif gəldiyini təsdiqləyib.
Sportinfo.az xəbər verir ki, mütəxəssis braziliyalı yarımmüdafiəçinin taleyi ilə bağlı danışıb:
"Bəli, ona təklif olub. Bura "Qarabağ"dır, uşaq bağçası deyil.
Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki oyunçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır.
Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Futbolçulara yaxşı təklif edirlər, kluba isə az məbləğ vermək istəyirlər.
Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz.
O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir?
Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, digəri Dubaydan zəng edir".