TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə bildirib ki, 2026-cı ildə Yeni Klinikada və Abşeron Rayon Mərkəzi xəstəxanasında tam olaraq onlayn randevu sisteminin tətbiqinə başlanılacaq.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən professor Adil Qeybullanın sözlərinə görə, onlayn randevu sistemi bütün sığorta sisteminə tətbiq edilməlidir:
“Ancaq bir neçə klinikada olması heç nəyi həll etməyəcək. Bəs başqa klinikalar necə olacaq? Bu sistem şəffaflığın əsas dayağıdır. Burada ən azı görünəcək ki, nə qədər insan müraciət edib, nə qədər yer boşdur. Növbəli sistemlər ən azı müəyyən sakitlik də yaradır ki, burada artıq qanun, qayda pozuntusu yoxdur. Hər kəs öz növbəsi ilə gəlib müayinə olunur. Növbələr zamanı həkimlərin yükü nəzərə alınır. Məsələn, bir ixtisas həkimi gündə neçə xəstəyə baxıb onu keyfiyyətlə müayinə edə bilər... Dünyada bunun bir sistemi var və biz də bundan istifadə etməliyik. Məsələn, endokrinoloq, endoskopist və ya başqa bir həkimin gündə neçə xəstəyə baxmaq normativi əslində hər yerdə var və buna uyğun da xəstələrə baxılmalıdır və elektron növbəlilik də buna görə yaradılır. Düşünürəm ki, bütün respublika üzrə tətbiq edilməlidir ki, insanlar effektini görə bilsinlər”.
Şəhanə Quliyeva