AZ

Pezeşkian elə şeylər dedi ki… – İranda NƏ BAŞ VERİR? 

İran Prezidenti Məsud Pezeşkian ölkədəki vəziyyətlə bağlı indiyədək ən açıq və pessimist çıxışlarından birini edib. Prezidentin açıqlamaları İran daxilində dərin idarəetmə böhranının, siyasi sistemin tıxanmasının və regional etimad probleminin mövcudluğunu birbaşa etiraf kimi qiymətləndirilir.

Pezeşkian bildirib ki, prezident olmasına baxmayaraq, hər hansı möcüzəyə və ya sürətli dəyişikliklərə inanmır. Onun sözlərinə görə, cəmiyyətdə ona olan gözləntilərin yüksək olmasını anlayır, lakin bu gözləntiləri reallaşdırmaq üçün “sehirli çubuğu” yoxdur.

İran Prezidenti etiraf edib ki, reallıq olduqca ağırdır və xalqına verdiyi bir çox vədi yerinə yetirmək istəsə də, mövcud siyasi sistemin mahiyyəti buna imkan vermir. Pezeşkian açıq şəkildə bildirib ki, ölkə artıq dalana dirənib və böhrandan çıxış üçün ideyalar tükənmək üzrədir.

Dövlət başçısının çıxışında diqqət çəkən məqamlardan biri də İranın regiondakı mövqeyi ilə bağlı olub. O vurğulayıb ki, əgər qonşu ölkələrin əhəmiyyətli bir qismi İrandan ehtiyat edirsə, bu, təsadüfi deyil və ciddi şəkildə düşünülməli səbəblər var. Prezidentin fikrincə, problem təkcə xarici siyasətdə deyil, daxili idarəetmədədir.

Prezident Pezeşkianın “problem bizim içimizdədir” etirafı fonunda İranda yaxın perspektivdə hakimiyyət dəyişikliyi və ya siyasi sistemin transformasiyası real görünürmü, yoxsa bu böhran yenə də mövcud rejimin sərt mexanizmləri ilə neytrallaşdırılacaq?

Samir Əsədli

Məsələ ilə bağlı NOCOMMENT.az -a danışan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini, siyasi şərhçi Samir Əsədli qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın “problem bizim içimizdədir” sözləri İran dövlət sisteminin daxildən çökdüyünü etiraf edən nadir və açıq mesajdır:

“Bu fikir, illərdir İran hakimiyyətinin bütün uğursuzluqları xarici düşmənlərin üzərinə atdığı bir dövrdə, sistemin öz daxilindəki problemləri etiraf etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu açıqlama eyni zamanda mövcud idarəetmə modelinə yönəlmiş dolayı, lakin açıq bir tənqid kimi də qiymətləndirilə bilər. Pezeşkian sıradan bir prezident fiquru deyil. O, xalqın içindən çıxmış, illərlə İranın sadə insanları arasında çalışmış, cəmiyyətin real problemlərini yaxından bilən bir siyasətçidir. Uzun müddət parlament üzvü olub və İran daxilindəki sosial narazılıqları, iqtisadi çətinlikləri, sanksiyaların xalqın yaşayış səviyyəsinə vurduğu ağır zərbələri aydın şəkildə anlayır. O, İran cəmiyyətinin getdikcə kasıblaşdığını, insanların gündəlik həyatının dözülməz hala gəldiyini gizlətmir. Bu baxımdan Pezeşkianın çıxışları populist ritorikadan daha çox, real vəziyyətin diaqnozu kimi səslənir”.

Siyasi şərhçinin sözlərinə görə, İran prezidentinin səlahiyyətləri olduqca məhduddur:

“Prezident ölkə daxilində əsasən iqtisadi və sosial məsələlərdə müəyyən istiqamət vermək imkanına malikdir. Amma dövlətin əsas idarəçilik sistemi, xarici siyasət, təhlükəsizlik, ordu ilə bağlı strateji qərarlar birbaşa ali dini rəhbərin səlahiyyətlərinə daxildir. Bu baxımdan prezident institutu daha çox formal xarakter daşıyır. İranın teokratik siyasi modeli real hakimiyyətin seçkili institutlardan kənarda cəmlənməsinə səbəb olub. Bu baxımdan ən real ssenari ondan ibarətdir ki, Pezeşkianın səsləndirdiyi fikirlər ya tamamilə təsirsizləşdiriləcək, ya da o, formal prezident kimi saxlanılacaq.

İranın siyasi təcrübəsi göstərir ki, sistem daxilindən gələn islahatçı çağırışlar heç vaxt köklü dəyişikliklərə yol açmayıb. Bu çağırışlar ya boğulub, ya da rejimin davamlılığını təmin edən kosmetik addımlarla əvəz olunub. Bu isə problemlərin həllini deyil, onların sadəcə təxirə salınmasını təmin edib”.

Samir Əsədli qeyd edib ki, əgər İran mövcud vəziyyətdə özünü qorumaq, beynəlxalq aləmə inteqrasiya etmək, daxili problemləri həll etmək və iqtisadiyyatını bərpa etmək istəyirsə, Pezeşkianın dediklərinə qulaq asmalı və onun irəli sürdüyü arqumentləri həyata keçirməlidir:

“Əks halda ölkədə vəziyyət daha da ağırlaşacaq. Sanksiyalar davam edəcək, əhali daha da kasıblayacaq və cəmiyyətdəki narazılıq dərinləşəcək. Bu narazılıqların uzunmüddətli perspektivdə sosial partlayışlara çevrilməsi istisna deyil.

Bu proses davam edərsə, İran tədricən Suriya və İraq ssenarisinə yaxınlaşa bilər. İsrail və ABŞ tərəfindən İrana qarşı hərbi ritorikanın güclənməsi də təsadüfi deyil. Dini rəhbərliyin aqressiv çıxışları və yanlış siyasi addımları İranı fəlakətə doğru sürükləyir. Dini elita effektiv siyasi idarəçilik bacarığını itirib və ölkəni hansı təhlükəli vəziyyətə apardığının fərqində deyil. Mövcud kurs İranın regional və daxili sabitliyini eyni vaxtda risk altına salır.

Nəticə etibarilə, Pezeşkianın “problem bizim içimizdədir” etirafı İranda siyasi transformasiyanın artıq baş verdiyini yox, bu transformasiyanın qaçılmaz olduğunu göstərir. Lakin bu dəyişiklik hələlik rejimin sərt mexanizmləri ilə gecikdirilir. Pezeşkian isə İranın bu uçuruma sürüklənməməsi üçün xəbərdarlıq edən, amma real hakimiyyət rıçaqlarından məhrum olan bir siyasi fiqur kimi qalır. Onun taleyi eyni zamanda İran sisteminin islahata nə qədər qapalı olduğunun da göstəricisidir”.

Seçilən
33
nocomment.az

1Mənbələr