Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycan vətəndaşları 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyədə 831 mənzil alıblar. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75 mənzil (9,9 %) çoxdur. Təkcə noyabrda alınan mənzil sayı 90 olub -ötən ilin eyni ayına nisbətən 16 mənzil (21,6 %) artıqdır. Azərbaycan Türkiyədə ev alan əcnəbilər arasında 6-cı yerdədir. Ümumilikdə, bu dövrdə xaricilərə 19 117 mənzil satılıb - bu, 2024-cü illə müqayisədə 11,2 % azdır. Ən çox mənzil alanlar rusiyalılar (3 145 mənzil), ukraynalılar (1 348) və almanlardır (1 271). Qeyd edək ki, 2024-cü ildə azərbaycanlılar Türkiyədə 866 mənzil almışdı.Ölkə xaricindən alınan ev ölkə bazarına necə təsir göstərir?Ölkə bazarı xarici bazardan daha bahalıdır, yoxsa ölkədə bu istiqamətdə investisiya güvənilir deyil?Xaricdən ev alışına meyllənmədə əsas səbəb nədir?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına əmlak eksperti Elnur Azadov bildirib ki, son illər Türkiyə ilə vizasız giriş-çıxış imkanları yaranıb.
Elnur Azadov
“Ümumiyyətlə, son 10-15 il ərzində bir çox səbəblər var ki, dünyada bu tendensiya inkişaf etməyə başlayıb. Digər ölkələrdə daşınmaz əmlaka qoyulan investisiya populyar olub. Türkiyə də demək olar ki, birinci 10 siyahıdadır. Buna bir çox səbəblər var: Türkiyədə turizm aktiv inkişaf etdiyinə görə burada bu infrastruktur var. Yəni daşınmaz əmlakın həm şəffaf bazarı var, normal turizm mühiti var, stabil iqtisadiyyat var, qiymət artımı var, investisiyalar özünü doğruldur. İdarəedici təşkilatlar var.
Təəssüf ki, Azərbaycan xaricə daşınmaz əmlak yatırımı sahəsində çox geridə qalır. Son bir il ərzində Azərbaycandan xaricə qoyulan daşınmaz əmlak investisiyası, o da cəmi 1-2 layihə çərçivəsində, ümumi həcmin 0,1%-nə belə çatmır. Ən çox investisiya qoyulan ölkə isə Türkiyədir - Azərbaycan vətəndaşlarının xaricdə əmlak aldığı ölkələr arasında ilk yeri tutur. Bu, bir neçə amillə izah olunur: dil və mədəni yaxınlıq, məsafə yaxınlığı, investisiya üçün əlverişli mühit və gələcəkdə orada yaşamaq və ya övladların təhsili məqsədilə orda əmlak alırlar. Bu əmlakları alanlar əsasən ölkə daxilində artıq investisiya etmiş zəngin şəxslərdir.
Miqrasiya məsələsində vəziyyət kifayət qədər açıqdır. Son illər viza rejiminin yüngülləşməsi nəticəsində Türkiyə ilə vizasız giriş-çıxış imkanları yaranıb. Bu da Azərbaycan vətəndaşları üçün ölkəyə səfəri və orada uzunmüddətli fəaliyyətləri asanlaşdırıb. Xüsusilə, ticarət və digər biznes sahələrində fəaliyyət göstərən şəxslər üçün Türkiyədə investisiya qoyuluşu əlverişli hesab olunur. Eyni zamanda pul köçürmələri sahəsində də ciddi problemlər yoxdur - bank transferləri daha uyğun və əlçatan şəraitdə həyata keçirilir. Bütün bu amillər Türkiyəni investisiya üçün cəlbedici edir”,- deyə Elnur Azadov vurğulayıb.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.