AZ

“Bir pəncərə” sistemi logistika əməliyyatlarını sürətləndirəcək və xərcləri azaldacaq – Ekspert

Bakı, 22 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

“Bir pəncərə” informasiya sistemi logistika sahəsində çox mühüm yenilik hesab olunur. Bu sistemin əsas məqsədi bütün icazə, sənəd və yoxlama proseslərini vahid rəqəmsal platformada birləşdirməkdir. Ən böyük dəyişiklik isə əməliyyatların sürətində və xərclərin azalmasında özünü göstərəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında logistika üzrə ekspert Sona Osmanova səsləndirib.

Sona Osmanova bildirib ki, əvvəllər logistika əməliyyatlarında iştirak edən şirkətlər bir neçə dövlət qurumuna ayrıca müraciət etməli, kağız sənədlər təqdim etməli və uzun müddət cavab gözləməli olurdular. Bu isə vaxt itkisinə, əlavə maliyyə xərclərinə və bəzən də gecikmələrə səbəb olurdu. “Bir pəncərə” sistemi bu problemi aradan qaldıraraq bütün prosedurları elektron mühitdə və bir platforma üzərindən həyata keçirməyə imkan verir. Nəticədə sənədlərin emalı daha sürətli olur və insan faktoru minimuma endirilir.

“Sürət baxımından ən böyük üstünlük ondan ibarətdir ki, məlumatlar bir dəfə daxil edilir və bütün aidiyyəti qurumlar tərəfindən eyni vaxtda istifadə olunur. Bu, yoxlamaların paralel aparılmasına şərait yaradır və daşımaların sərhəddə və ya limanlarda gözləmə müddətini əhəmiyyətli dərəcədə azaldır. Vaxtın azalması isə birbaşa olaraq xərclərin azalmasına gətirib çıxarır.

Xərclərin optimallaşdırılması əsasən inzibati və əməliyyat xərclərinin azalması ilə bağlıdır. Kağız sənədlərə, fiziki müraciətlərə və əlavə vasitəçilərə ehtiyac azalır. Bundan əlavə, gecikmələrdən yaranan cərimələr və əlavə saxlanma xərcləri də minimuma enir. Logistika şirkətləri resurslarını daha səmərəli planlaşdıra bilir və proseslər daha şəffaf olur”, - deyə Sona Osmanova vurğulayıb.

Ekspertin fikrincə, ümumilikdə “Bir pəncərə” sistemi logistika əməliyyatlarını daha çevik, sürətli və iqtisadi baxımdan sərfəli edir. Bu isə həm dövlət qurumları, həm də özəl sektor üçün müsbət nəticələr yaradır.

 

Seçilən
100
azertag.az

1Mənbələr