Bu gün Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubovun doğum günüdür.
“Yeni Sabah” xəbər verir ki, onun 77 yaşı tamam olur.
Azərbaycanın ən uzunömürlü məmurlarından biri olan Ramil İdris oğlu Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində dünyaya gəlib. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan R.Usubov 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib.
O, 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlayıb. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində Cinayət-axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrdə çalışıb.
1987-ci ildə R.Usubov Naxçıvan Muxtar Sovet Sosialat Respublikası daxili işlər naziri vəzifəsinə təyin edilib, 1989-cu ilədək bu vəzifədə işləyib. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olub.
R.Usubov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, Azərbaycan Prezidentinin 29 aprel 1994-cü il tarixli fərmanı ilə ölkənin daxili işlər naziri təyin edilib.
1994-cü ildə general-mayor, 1995-ci ildə general-leytenant, 2002-ci ildə general-polkovnik rütbəsi alıb.
O, 25 il fasiləsiz daxili işlər naziri işlədikdən sonra - 2019-cu il iyunun 20-də vəzifədən azad edilib. Elə həmin gün də Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.
Ailəlidir, Emil və Raul adında 2 oğul və 1 qız övladı var.

TƏLTİFLƏRİ
24 dekabr 1998-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub;
2009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeni ilə təltif edilib;
29 iyun 2018-ci ildə Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub;
22 dekabr 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib;
25 dekabr 2023-cü ildə “Şərəf” ordeni ilə təltif olunub.
Nazim Hacıyev
Telegram kanalımız