AZ

Stokholmun sabiq meri: Tikinti layihələrinin ilkin mərhələsində səhvləri azaldan süni intellekt əsaslı sistemlər böyük qənaət potensialına malikdir

Bakı, 22 dekabr, AZƏRTAC

Davamlı inkişaf və “ağıllı şəhər” idarəçiliyi müasir urbanizasiya prosesinin əsas prioritetlərindən birinə çevrilib. Qlobal iqlim çağırışları, resursların səmərəli idarə olunması və yaşıl iqtisadiyyata keçid şəhərlərin qarşısında yeni vəzifələr qoyur. Bu kontekstdə qabaqcıl şəhərlərin təcrübəsi digər regionlar üçün mühüm yol xəritəsi rolunu oynayır. Şəhərlərarası əməkdaşlıq, innovativ texnologiyaların tətbiqi və uzunmüddətli strateji yanaşmalar yaşıl keçidin sürətləndirilməsində həlledici əhəmiyyət daşıyır.

Stokholmun keçmiş meri Anna König Jerlmyr bu mövzularla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibədə bu məsələlər ətraflı şəkildə təhlil olunur və Azərbaycanla Mərkəzi Asiya şəhərləri üçün aktual tövsiyələr səsləndirilir.

- Stokholm şəhəri davamlı inkişaf və “ağıllı şəhər” idarəçiliyi sahəsində dünyanın aparıcı nümunələrindən biridir. Bu təcrübədən Azərbaycan və Mərkəzi Asiya şəhərləri hansı dərsləri götürə bilər və şəhərlər arasında qurulan əməkdaşlıq yaşıl keçidin sürətlənməsinə necə töhfə verə bilər?

- Bu sual çox vacibdir. Hazırda qlobal səviyyədə bir çox şəhər şəbəkəsi mövcuddur və onlar bilik mübadiləsi, təcrübələrin paylaşılması və birgə təşəbbüslərin həyata keçirilməsi üçün güclü platformalar yaradır. Mənim sədr müavini olduğum “C40 Şəhərlər Şəbəkəsi” bu baxımdan ən nüfuzlu beynəlxalq mexanizmlərdən biridir. Biz burada iqlim davamlılığı, qida təhlükəsizliyi, təbiətə əsaslanan şəhər həlləri və digər strateji sahələr üzrə birgə proqramlar icra edirik. Şimal və Qlobal Cənub şəhərləri arasında innovativ yanaşmaların uğurla tətbiq olunması da bu modellərin universallığını göstərir.

Stokholmun əsas üstünlüklərindən biri sənaye, biznes strukturları və şəhər idarəetməsinin birgə işləməsi üçün dayanıqlı çərçivə yaratmasıdır. Biz müxtəlif hədəflər müəyyən edir, sənaye tərəfdaşları ilə birlikdə həllər hazırlayır və mütəmadi toplantılar vasitəsilə bu hədəflərin icrasını izləyirdik. Bu mexanizm həm koordinasiyanı gücləndirir, həm də kompleks problemlərin həllində real nəticələr verir. Bunun bariz nümunələrindən biri su təchizatı ilə bağlıdır. Şəhərdə su borularında təxminən 25 faiz sızıntı vardı. Biz şəhər idarəetməsi, sənaye müəssisələri və akademiya ilə birgə çalışaraq borulara sensorlar quraşdırdıq və sızıntıların əhəmiyyətli dərəcədə azalmasına nail olduq. Bu həll Stokholmun Rəqəmsal Gələcək Laboratoriyası çərçivəsində formalaşmış üçtərəfli əməkdaşlığın nümunəsidir və oxşar problemlər yaşayan şəhərlər üçün də tətbiq oluna bilər. Şəhərlər, həmçinin yükdaşımalarının azaldılması, yeni “yaşıl iş yerləri”nin yaradılması, enerji sərfiyyatının optimallaşdırılması və urbanizasiya prosesinin daha səmərəli tənzimlənməsi kimi sahələrdə birgə təşəbbüslər həyata keçirə bilərlər. Yaşıl Koridor Alyansı kimi təşəbbüslər bu əməkdaşlığı regional və transsərhəd səviyyəyə daşıyan mühüm platformalara çevrilir.

- Şəhər idarəetmələri yaşıl keçidin uğurla həyata keçirilməsinə necə töhfə verə bilər?

- Şəhərlər ağıllı satınalma mexanizmləri tətbiq etməklə bərpaolunan enerji payını artırmağa ciddi təsir göstərə bilərlər. Milli səviyyədə həyata keçirilən beynəlxalq ticarət missiyalarının şəhər səviyyəsində də təşkili xüsusi əhəmiyyət daşıyır. Xüsusilə yaşıl koridor layihələri çərçivəsində şəhərlər öz strategiyalarını uzlaşdıraraq investorlar üçün daha aydın və proqnozlaşdırıla bilən mühit yarada bilərlər. Bu, fosilsiz gələcəyə keçidin sürətləndirilməsi üçün mühüm vasitədir.

- Mer olaraq təcrübənizdən çıxış edərək deyə bilərsinizmi, şəhərlərin investisiya cəlb etməsi və bərpaolunan enerji sahəsində uğurlu tərəfdaşlıqlar qurması üçün ən təsirli mexanizmlər hansılardır? Azərbaycan və Mərkəzi Asiya şəhərləri bu yanaşmalardan necə yararlana bilər?

- Ən əsas amil uzunmüddətli və sabit tənzimləyici mühitdir. Səudiyyə Ərəbistanında həyata keçirilən “Vision2039” strategiyasına baxsaq görərik ki, beynəlxalq şirkətlər və maliyyə qurumları bu kimi uzunmüddətli planları aydın şəkildə gördükdə sərmayə qoymağa daha meyilli olur. Şəhərlər də öz inkişaf hədəflərini uzunmüddətli və sabit strategiyalarla dəstəklədikdə həm yerli, həm də xarici sərmayə üçün daha cəlbedici olurlar.

- Stokholmun rəqəmsal yaşıl inkişaf modeli texnologiya ilə davamlılığı uğurla birləşdirir. Şəhərlər bu təcrübəni necə paylaşa bilər və Stokholm ilə digər şəhərlər arasında hansı birgə pilot layihələr həyata keçirilə bilər?

- Dünyanın müxtəlif şəhərləri fərqli çağırışlarla üzləşsə də, onların problemləri çox zaman eyni xarakter daşıyır. Tikinti tullantılarının azaldılması, enerji səmərəliliyinin artırılması, əlçatan mənzil ehtiyacının qarşılanması bu problemlərə misaldır. Əsas məqsəd mövcud ağıllı həlləri şəhər rəhbərlərinə operativ və şəffaf şəkildə təqdim etməkdir. Məsələn, tikinti layihələrinin ilkin mərhələsində səhvləri azaldan süni intellekt əsaslı sistemlər olduqca böyük qənaət potensialına malikdir. Belə texnologiyaların real şəraitdə sınaqdan keçirilməsi üçün innovasiya zonalarının və təcrübə məkanlarının yaradılması çox əhəmiyyətlidir. Stokholm artıq bu modeli tətbiq edib və eyni layihələri müxtəlif ölkələrdə paralel şəkildə sınaqdan keçirərək ən effektiv yanaşmaları müəyyənləşdirməyə nail olub. Bu təcrübə digər şəhərlərdə də yüksək nəticə verə bilər.

- Davamlı şəhər inkişafını dəstəkləyən maliyyə alətləri hansılardır və şəhərlər bunları birgə necə tətbiq edə bilər?

- Yaşıl istiqrazlar adətən milli səviyyədə tətbiq olunsa da, şəhərlərin bu sahədə birgə strategiyalar hazırlaması çox böyük potensiala malikdir. Mənim əsas tövsiyəm innovasiya zonalarının və xüsusi inkişaf bölgələrinin yaradılmasıdır. Bu ərazilərdə daha çevik qaydalar tətbiq olunur və şəhər, sənaye və akademiya arasında yüksək səviyyəli əməkdaşlıq formalaşır. Cənubi Koreyanın xüsusi iqtisadi zonaları bu modelin müvəffəqiyyətini açıq şəkildə göstərir. Belə təşəbbüslər həm yeni texnologiyaların yaranmasına, həm də beynəlxalq mütəxəssislərin və sərmayələrin cəlb edilməsinə imkan yaradır. Bu yanaşma tətbiqi asan olan, lakin qlobal miqyasda böyük diqqət çəkən təsirli bir addımdır.

Seçilən
71
1
azertag.az

2Mənbələr