Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan xalqı öz tarixi torpaqlarına və ərazi bütövlüyünə böyük həssaslıq göstərir. Bu, xalqın mədəni yaddaşında mövcuddur. Təbii ki, Azərbaycanın məqsədi bütün tarixi ərazilərində müstəqil dövlət yaratmaq deyil, çünki dünyanın siyasi reallıqları və mövcud coğrafi vəziyyət buna imkan vermir. Lakin bu, xalqın və dövlətin öz mövqeyinə, mədəniyyətinə və hüquqlarına sadiqliyini göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, Qərbi Azərbaycan İcması Ziyalılar Şurası sədrinin müavini Nizami Cəfərov “Böyük yolun davamı” adlı konfransda çıxışı zamanı söyləyib.
Akademik bildirib ki, Azərbaycan xalqının yaşadığı bəzi ərazilərdə tarixi itkilərin və keçmişdəki ərazi dəyişikliklərinin təsiri hiss olunur. Lakin bütün bu çətinliklərə baxmayaraq, xalq və dövlət gələcəyə ümidlə baxır, milli yaddaşın, mədəniyyətin və dilin qorunması üçün ardıcıl iş aparır. Bu, Azərbaycanın davamlı dövlətçilik və mədəni irs siyasətinin əsasını təşkil edir.