Sizin Sərəncamla təsis olunmuş "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif olunmağımı fəaliyyətimə göstərilən böyük diqqət, yüksək dəyər kimi qiymətləndirir, Sizə dərin təşəkkürümü bildirirəm. Bu təltifi milli mətbuatın yarandığı gündən xalqımızın tarixində və taleyində misilsiz rol oynayan, vicdanlı və peşəkar jurnalistikanın inkişafında xidməti olan bütün media nümayəndələrinin əməyinə verilən mükafat kimi qəbul edirəm.
Son 150 ildə mətbuat cəmiyyət həyatının bütün inkişaf mərhələlərində- çar Rusiyası, Xalq Cümhuriyyəti, Sovet hakimiyyəti dövründə, mühacirətdə, nəhayət, müstəqilliyimizin bərpası dövründə xalqın iradəsinin ifadəsinə səy göstərmiş, millətin dili, gücü və güzgüsü rolunu oynamışdır. Mətbuat müstəqillik illərində ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin ön sıralarında olmuş, çirkin erməni təbliğat maşınına, seperatizminə, qəsbkarlarına və onların maddi, mənəvi havadarlarına qarşı sərt ideoloji mücadilə aparmışdır.
Sizin 44 günlük Vətən müharibəsindəki informasiya fəaliyyətiniz, dünyanın müxtəlif ölkələrinin aparıcı media vasitələrinə verdiyiniz müsahibələr müasir dövrdə Kütləvi İnformasiya Vasitələrinin ictimai rəyi formalaşdırmaq sahəsində mətbuatın böyük rolunu bir daha təsdiqlədi. Bu tarixi, örnək müsahibələr düşmənin on illər boyu yalan, mif və əfsanələr üzərində qurulmuş ideoloji bazasını alt-üst etdi, təbliğat sistemini dağıtdı, "erməni məsələsi"nin əsl mahiyyətini açdı, məkrli düşmənin niyyətləri ifşa olundu, Qarabağ problemi, onun tarixi kökləri, savaş mərhələsi, dövlətimizin ədalətli mövqeyi haqqında dünya ictimaiyyətinə dolğun və obyektiv informasiyalar ötürüldü. 44 gün müddətində dünyanın məşhur media qurumlarına bir neçə dildə verdiyiniz müsahibələr dolğunluğu, sanbalı, əhatəliliyi, obyektibliyi ilə ölkəmizə qarşı qərəzli mövqe tutan, faktları saxtalaşdıran, həqiqəti gizlədən qüvvələrə kəskin cavab, ölümcül zərbə oldu. Bu müsahibələr dostlarımıza sevinc, düşmənlərimizə qəm-qüssə gətirdi. Bu müsahibələr invervyü verənlərə, alanlara dərs, sahəyə yeni qədəm qoyanlara dərslik və təcrübə məktəbi oldu.
Cənab Prezident!
Vətən müharibəsinin 3-cü günündə ilk, 43-cü günündə isə müharibəyə dair verdiyiniz son müsahibələrə biz- bütün həmkarlarım, o cümlədən yubiley medalı ilə təltif olunanlar mətbuatın 150 ildə keçdiyi çətin,lakin şərəfli yolun ən təsirli və parlaq nümunələrindən biri kimi yüksək qiymət verir, artıq tarixə çevrilmiş bu nadir, nadir sənədləri dövlətçiliyə, millətə xidmətin bariz örnəyi kimi qəbul edirik.
Dərin hörmətlə,
Abid Tahirli,
filologiya elmləri doktoru,
"Dövlət qulluğunda fərqlənməyə görə" medalımın laureatı.