"Çin ABŞ tərəfindən xarici gəmilərin özbaşına ələ keçirilməsinə və qanunsuz birtərəfli sanksiyaların tətbiq edilməsinə qəti şəkildə qarşı çıxır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.
Diplomat vurğulayıb ki, ABŞ tərəfinin digər ölkələrdən gələn gəmiləri özbaşına saxlamaq hərəkətləri beynəlxalq hüququ ciddi şəkildə pozur.
O əlavə edib ki, Pekin beynəlxalq hüquqi əsası və ya BMT Təhlükəsizlik Şurasının mandatı olmayan birtərəfli sanksiyalara davamlı olaraq qarşı çıxır.
Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, bu cür hərəkətlər BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, eləcə də digər dövlətlərin suverenliyini və təhlükəsizliyini pozur.
Çin tərəfi Venesuelanın müstəqil inkişaf və normal beynəlxalq əməkdaşlıq hüququnu dəstəklədiyini bildirib.
Xatırladaq ki, dekabrın 10-da ABŞ prezidenti Donald Tramp Venesuela xam neftini daşıyan sanksiyalı neft tankerinin izləndiyini elan edib və ABŞ-nin nefti müsadirə etməyi planlaşdırdığını bildirib.