AZ

70 illik sevgi: Plana salınandan 14 il sonra çəkilən, çəkiləndən 1 il sonra göstərilən “Görüş”

Bu il sevdiyimiz filmlərdən birinin yubiley ilidir. Bir-biri ilə rəqabət aparan Azərbaycan və Özbəkistan pambıqçılarından bəhs edən “Görüş” filmi 70 ildir filmsevər azərbaycanlıların ən çox baxdığı filmlərdən biri olub.

1955-ci ildə rejissor Tofiq Tağızadənin quruluş verdiyi “Görüş” filmi başı bəlalı bir yol keçib.

Deməli, film 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkiliş təxirə salınır. Müharibədən sonra da dəfələrlə filmin plana salınması nəzərdə tutulsa da, bu, alınmır.

Nəhayət, film 14 ildən sonra ekranlaşdırılır. Amma ilk baxışı (primyera) 1956-ci ilin fevralında gerçəkləşir.

2028 metr, 35 mm, ağ-qara rəngli film sovet rejiminin məqsəd və ideologiyasına uyğun şəkildə olması və təbliğat xarateri ilə seçilir.

Belə ki, filmin mərkəzində iki gəncin — özbək qızı Lala (Nelli Ataullayeva) ilə azərbaycanlı Kamilin (Arif Mirzəquliyev) saf məhəbbəti durur. Əmək qəhrəmanı, məşhur pambıqçı Lalaya olan saf məhəbbəti tənbəl və qayğısız Kamili kənd təsərrüfatı qabaqcılları sırasına gətirib çıxarır.

Filmdə belə bir fikir irəli sürülür: Əmək insanı zinətləndirir, onu camaatın gözündə qaldırır və ona xoşbəxtlik gətirir.

Buna baxmayaraq, Azərbaycan kinosunda müxtəlif dövr hadisələrini, insanların həyat tərzini əks etdirən müxtəlif janrlı ekran əsərləri var ki, həmin filmlər geniş tamaşaçı auditoriyası tərəfindən bu gün də sevilərək izlənilir. Təsəvvür edin ki, film sovet ideologiyasına xidmət etsə də, çəkiliş truppasının, eyni zamanda oyunçuların peşəkarlığı sayəsində “sovet ideologiyası” çərçivəsindən çıxır və bu səbəbdən də sevilir.

Filmin maraqlı obrazları

Filmdə kolxozun əmək qabaqcıllarının qayğısız həyat tərzi ilə yanaşı, tənbəl insanların da meşşan həyat tərzi tənqid hədəfinə çevrilir.

Filmdə həm qabaqcıl zəhmət adamlarının, həm də meşşanların maraqlı obrazlarını xatırladırıq: Münəvvər Kələntərli (Münəvvər), Leyla Bədirbəyli (Bilqeys), Həsənağa Salayev (Musa), Barat Şəkinskaya (Şövkət), Əzizə Məmmədova (Əzizə), Ağahüseyn Cavadov (Əbülfəz), Əliağa Ağayev(Şıxəli), Müxlis Cənizadə (Ənvər), Fateh Fətullayev (Quluzadə), Məmmədəli Vəlixanlı (çayçı) və başqaları bu filmi yaratdıqları obrazlarla sevdirə biliblər.

Maraqlıdır ki, filmdə aktyorların dili ilə deyilən bir çox fikirlər neçə illərdir aforizm, misal, atalar sözü və lətifə kimi xalq arasında yayılıb. Məsələn, “Bu nə plovdur, plov bişirməyi də bacarmırsan, yağ gətir…”,

“Kabab, plov, üstündədə qırqovul!

-Yox, bir qaşdaldaq! “,

“Ayroplanla gəlsələr, gərək hələ göydə olsunlar..” , “

-Nə qəşəh qızdii,

-Öz aramızdı, Əbülfəz, nə sənə yaraşan qızdu, belə bir adaxlun olsa, Şıxəlidən də artıq dolanarsan, ye, iç, yat…

– Rişxənd eləmə, bala rişxənd eləmə, qoy hələ tanış olaq, bəlkə hələ bir-birimizi sevdik, adaxlandıq…

“Bura ver qəzeti… adaxlıya bir baxxx..”,

“Eşşəklə ikimiz getmişdik pambıq suvarmağa”,

-Çay gətir!…Xoruz quyruğu!

“Qonaq qəbul eləmək sizin üçün pambıq yığmaq deyil, bu çox ciddi məsələdir”və sair…

Ən maraqlısı da odur ki, belə sevilən film seçilmiş aktyor truppasının üzvlərinin ilk yaradıcılıq işi olub.

Belə ki, film quruluşçu rejissor Tofiq Tağızadənin kinoda ilk müstəqil işidir. Eyni zamanda aktyor Əliağa Ağayevin (Şıxaəli), aktrisa Barat Şəkinskayanın (Şövkət) və aktyor Ceyhun Mirzəyevin kinoda ilk işidir. C.Mirzəyev “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə “Ögey ana”ya dəvət alıb.

Eyni zamanda Şəki rayonu və ətraf kəndlərdə çəkilən “Görüş” filmində hadisə bolluğu filmin koloritini və baxımlılığını artırır. Sosializm yarışının gedişini yoxlamaq məqsədi ilə özbək pambıqçılarının azərbaycanlı həmkarlarının pambıq sahələrini gəzmələri, bir-birlərinə planları yerinə yetirmələri barədə raport vermələri, Kamili qabaqcıl pambıqçı hesab edən Lalənin həm də ona vurulması, Kamilin bacısı Bilqeyisin traktorçu Musa ilə sevgi əhvalatları, kolxoz sədri Münəvvərin zəhmətkeş insanlarla olan xoş rəftarı, kolxozçuların əmək yarışmasının gedişatını maraq və həvəslə izləməsi, həmçinin maraqlı olduğu qədər də baməzə obrazlardan olan Şıxəlinin, suçu Əbülfəzin meşşan həyat tərzi, ictimai qınaqlarla rastlaşmaları, tənbəliklərinə görə ifşa olunmaları və başqa komik hadisələr tamaşaçılar tərəfindən böyük rəğbətlə izlənilir.

Filmin operatorları və musiqisi…

Filmin quruluşçu operatorları Cahangir Məmmədov və Teyyub Axundovdur. Hər iki operatorun təbiət mənzərələrini, kənd həyatını heyranlıqla təsvir etmələri, mühitlə bağlı ab-habvanı yaratmaları, rejissor fikrini, üslubunu kompozisiya şəkilində təqdim etmələri, işıq effektindən, natura çəkilişlərindən məharətlə istifadə etmələri filmə uğur gətirən başlıca səbəblərdəndir. Filmdə əsasən natura çəkilişlərindən istifadə olunsa da, pavilyonda hazırlanmış dekorasiyalar, iş otaqları, mənzillər, otaqlardakı əşyalar, mebellərin yerləşdirilməsi, işıq effektlərindən düzgün istifadə film qəhrəmanlarının hər birinin ayrı-ayrılıqda əhval-ruhiyyəsini dəqiq ifadə edir.

Filmin musiqiləri görkəmli bəstəkar, respublikanın xalq artisti Tofiq Quliyevə məxsusdur. Hadisələri müşaiyət edən musiqi parçaları, mahnılar kinokomediyanın tamaşaçılar tərəfindən daha düzgün, emosional qarşılanmasına səbəb yaradır, filmin qəhrəmanlarının xarakterlərinin açılmasında hadisələrin inkişaf prosesində mühüm rol oynayır. Filmdə xalqımızın məişəti, adət-ənənələri, qonaqpərvərliyi, mənəvi-əxlaqi dəyərləri öz əksini tapıb.

“Nə qəşəng qızdı”: “Görüş”ün əcnəbi aktrisası Lala

Filmin Lalası Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə dünyaya gəlib. 1953-cü ildə Daşkənd Teatr İnstitunu bitirib, “Şənlik”, “Görüş”, “Əmirliyin süqutu”, “Aşiqlər” kimi filmlərdə çəkilib kifayət qədər məşhurlaşan Nelli 1956-cı ildə Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutuna qəbul olub. 1962-ci ildə məzun olan gənc rejissor “Uzkinoxronika” studiyasında çalışmağa başlayıb, 20-dən çox sənədli filmə imza atıb. Son kursda Nelli moskvalı rejissor, gənc Vladimir Dyaçenko ilə ailə qursa da, Vladimirin kübar ailəsi həmişə bu “qeyri-bərabər” nikaha qarşı çıxıb. Cütlük boşanır. Gənc aktrisa anası və bacılarının yanına köçür, 1963-cü ilin payızında oğlu Nikita doğulur.

1970-ci ildə aktrisa “Kinoxronika” jurnalının redaktoru Slava Yeremenkovla ailə həyatı qurur. Slava ilə Nellini sevgi, gənclik və işləmək eşqi birləşdirir… Nikita da Slavanı asanlıqla qəbul edir, Nelli nəhayət xoşbəxt olduğuna inanır…

1974-cü ilin mayında Nelli növbəti sənədli filmin çəkilişləri üçün Buxaraya yollanır. Gərgin və yorucu çəkilişlərdən sonra Nelli bərk xəstələnir, yüksək hərarət və öskürəkdən qurtula bilmir. Həkim bacısı Rənanın təkidi ilə həkimə gedən gənc Nellidə ağciyər xərçəngi aşkarlanır.

1974-cü il iyulun 27-si axşam saatlarında Nelli Ataullayevanın 42 illik ömür yolu qırılır.

42 yaşında dünyasını dəyişən Nelli Ataullayeva “Görüş” filmində yaratdığı Lala roluna görə Azərbaycanda daim xatırlanır. Özbəkistanda isə ölümündən sonra unudulub. Onun nə yubileyi qeyd edilib, nə də barəsində kitab çıxıb.

Nellinin ölümündən sonra oğlu Nikita bir müddət nənəsi Zöhrə ilə yaşayır. Bir müddət sonra atası Vladimir Dyaçenko (Nellinin birinci əri) Nikitanı Moskvaya aparıb. Şəxsiyyət vəsiqəsini alan Nikita öz təkidi ilə anasının soyadını götürüb. İndi Nikita tanınmış biznesmendir. Anasının soyadını daşıyır – Nikita Vladimiroviç Ataullayev…

Qeyd edək ki, 70 ildir sevilə-sevilə baxılan bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.

Əntiqə Rəşid

Seçilən
20
nocomment.az

1Mənbələr