AZ

Deputat: “Afrika ölkələri Azərbaycanın radikal müxalifətinə qarşı hüquqi müstəvidə çox ciddi addımlar ata bilərlər”

“Radikal müxalifət Azərbaycanı Afrika ölkələri ilə müqayisə edir və bildirir ki, Azərbaycanı Avropa ölkələri ilə müqayisə etmək mümkünsüzdür. Əvvəla, radikal müxalifət bu davranışları ilə çox böyük siyasi səhvə imza atmış olur. Bu gün Afrikada 54 dövlət mövcuddur. Bu dövlətlərin də mütləq əksəriyyəti Qoşulmama Hərəkatının üzvləridir. O dövlətlər ki Vətən müharibəsində Ermənistanın, ümumiyyətlə, dünyadakı erməni lobbisinin anti-Azərbaycan qətnamələri qəbul etməsinin qarşısının alınmasında xüsusi rolu oldu. Bir çoxları haqq işimizi hər zaman müdafiə edib. Radikal müxalifətin Afrika ölkələrinə belə yuxarıdan aşağı baxması, onlara münasibətdə təhqiredici mövqedə dayanması qəbuledilməzdir. Unutmasınlar ki, həmin ölkələrin hər birinin BMT-də bir səsi, Azərbaycanda isə səfirlikləri var. O cümlədən radikal müxalifətin konkret simalarına qarşı öz mövqelərini ifadə etmək, həm də sərt mövqelərini ifadə etmək potensialları da var”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, ölkələrə qarşı həqarətli danışmaq olmaz: “Bu həm də beynəlxalq hüquq pozuntusudur. Bundan çıxış edərək Afrika ölkələri radikal müxalifətə qarşı hüquqi müstəvidə çox ciddi addımlar ata bilərlər. Bu fikrimi altından xətt çəkərək söyləyirəm. Azərbaycanı Avropa ölkələri ilə niyə müqayisə etmək mümkünsüz olsun? Əvvəla, elə Azərbaycan özü Avropa ölkəsidir. Azərbaycan  Avropanın, demək olar, əksər təsisatlarının üzvüdür, Avropanın enerji təhlükəsizliyində xüsusi çəkiyə malik dövlətdir. 2027-ci ildə Avropaya 20 milyard kubmetr qaz satışını həyata keçirmək istəyirik. Avropa İttifaqının 27 dövlətindən 10-u ilə strateji tərəfdaşlıq sənədi imzalamışıq. Bu gün Azərbaycan 14 dövlətə qaz satışını həyata keçirir və bundan 10-u Avropa ölkəsidir. Ondan səkkizi isə Avropa İttifaqına daxildir. Bizim əməkdaşlığımız genişlənib. Yaxın perspektivdə strateji münasibətlərin daha yüksək səviyyəsinin əldə olunmasına xidmət edən bir sənədin imzalanması gözlənilir. Bu sənədlə bağlı artıq 90%-dən çox iş həyata keçirilib. Avropa qitəsi, Avropa ölkələri bizim üçün xüsusi məna və çəkiyə malikdir. Bu ölkələrlə əməkdaşlığımız sürətlə inkişaf edir və ən yaxın ticarət tərəfdaşlarımızdır.  Azərbaycanla bu ölkələri müqayisə etmək fikri həm savadsızlığın, həm qərəzin, həm də vətənə olan həqarətli münasibətin ifadəsidir. Bu ağılın, düşüncənin sahibi olduqları üçün xalq onların hakimiyyətinə cəmi bir il dözdü. Görünür ki, həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, hələ də nə siyasi təcrübə qazanıblar, nə ağıl yiyəsi olublar, nə də strateji düşüncəyə malikdirlər. Əksinə, bu danışıqları ilə Afrika ölkələrimin nifrətini qazanırlar. Azərbaycanı Avropa ölkələri ilə müqayisə etmək mövqeyi ilə nə qədər siyasi proseslərdən kənarda qaldıqlarını, siyasi analiz qabiliyyətlərinin olmadığını göstərirlər. İstəyirlər ki, bu məmləkət inkişaf etməsin, onu Avropa ölkələri ilə müqayisə etmək mümkün olmasın. Azərbaycan bu gün dinamik sürətlə inkişaf edir, öz strateji hədəflərinə çatmış və hədəflər müəyyən etmiş dövlətdir, Prezident İlham Əliyevin rəhbərliyi altında çox sürətlə inkişaf edir. Bunu dünya da qəbul edir. Bunlar Azərbaycana olan hörmət və ehtiramın kökündə dayanan əsas amillərdir. Biz müstəqil, xalqın milli maraqlarına söykənən siyasət həyata keçiririk. Heç kim bu siyasətimizin qarşısını ala bilməz, çünki bu siyasəti bütün xalqımız birmənalı şəkildə dəstəkləyir. Radikal müxalifət isə xalqın gözündə heç bir çəkiyə, sosial bazaya malik deyil. Özləri özlərini təcrid vəziyyətinə salıblar və siyasi yalquzaq həyatı yaşayırlar”.

 

Aytəkin Qardaşova

Tarix: 22 Dekabr 2025, 13:43   
Seçilən
47
pravda.az

1Mənbələr