Tbilisi, 22 dekabr, AZƏRTAC
Son dövrlərdə qonşu ölkələrə – Azərbaycana, Ermənistana və Türkiyəyə, eləcə də BMT-yə və Serbiyaya etdiyim səfərlər Gürcüstanın xarici siyasət kursunun alternativsiz olduğunu bir daha aydın şəkildə nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili 2025-ci il Səfirlər Konfransında çıxışı zamanı söyləyb.
Onun sözlərinə görə, Gürcüstanın əsas məqsədi ölkənin Cənubi Qafqazda aparıcı regional mərkəz kimi mövqeyini daha da gücləndirməkdir. O vurğulayıb ki, bununla yanaşı, Asiya, Avropa və Yaxın Şərq arasında iqtisadi və dinc inteqrasiyanın təşviqi də prioritet istiqamətlərdəndir.
Prezident gürcü diplomatlarını ticarət və tranzit əlaqələrinin inkişafı istiqamətində səylərini artırmağa çağırıb. Onun fikrincə, bu yanaşma yalnız qlobal bağlantıya töhfə verməyəcək, eyni zamanda, Gürcüstanın tarixi rolunu – sivilizasiyaların kəsişmə nöqtəsi statusunu daha da möhkəmləndirəcək.
“Gürcüstan təkcə Orta Dəhlizin əsas qovşaqlarından biri deyil, həm də əsrlər boyu müxtəlif mədəniyyətlərin dinc, yanaşı yaşadığı unikal sivilizasiya dialoqu məkanıdır”, – deyə Mixeil Kavelaşvili qeyd edib.
Prezident çıxışında vurğulayıb ki, məhz bu üstünlüklər Gürcüstanın regional və beynəlxalq proseslərdə rolunu artırır və ölkənin xarici siyasətinin strateji istiqamətini müəyyənləşdirir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi