AZ

TORPAQ VƏ MƏHSULDARLIQ: YENİ DÖVRÜN ÇAĞIRIŞLARI

Qlobal ərzaq təhlükəsizliyi son illərdə dünyanın ən kritik problemlərindən birinə çevrilib və bu tendensiyanın yaxın onilliklərdə daha da kəskinləşəcəyi proqnozlaşdırılır. İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, torpaqların deqradasiyası və geosiyasi gərginliklər ərzaq istehsalını qeyri‑stabil hala gətirir. Beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, dünya əhalisinin artımı fonunda mövcud istehsal modelləri insanların ərzaq tələbatını qarşılamaq gücündə deyil və bu, qlobal ərzaq qıtlığı riskini artırır. Quraqlıq zonalarının sürətlə böyüməsi, ekstremal hava hadisələrinin çoxalması və nəticə olaraq məhsuldarlığın enməsi artıq bir çox ölkələrdə ərzaq təminatını təhlükə altına salıb. Bu proseslərdən Azərbaycan da kənarda qala bilməz, çünki ölkənin aqrar sektoru həm iqlim dəyişikliklərinə, həm də struktur zəifliklərə həssasdır. Ərzaq idxalına bağlılıq, torpaq və su ehtiyatlarının məhdudluğu, eləcə də məhsuldarlığın uzunmüddətli və sistemli şəkildə aşağı səviyyədə qalması Azərbaycanın qlobal ərzaq risklərinə qarşı dayanıqlığını zəiflədir.

Ərzaq təhlükəsizliyinin təmin olunması yalnız istehsalın artırılması ilə deyil, mövcud resursların səmərəli idarə olunması ilə mümkündür. Bu vəziyyətin aradan qaldırılması aqrotexniki yanaşmaların yenilənməsini, ekoloji balansın bərpasını və institutsional idarəetmənin köklü şəkildə təkmilləşdirilməsini zəruri edir. Qlobal tendensiyalar göstərir ki, dayanıqlı ərzaq sistemi qurmaq üçün ənənəvi yanaşmalar kifayət etmir və ölkələr daha çevik, elmi əsaslı və innovativ modellərə keçməyə məcburdur. Azərbaycan üçün də bu keçid strateji zərurətə çevrilir, çünki mövcud potensialın reallaşdırılması yalnız sistemli transformasiya ilə mümkündür.

2020–2025-ci illərin məlumatları göstərir ki, Azərbaycanda bitkiçilik sektorunun inkişaf trayektoriyası ilə onun real potensialı arasında sistemli uyğunsuzluq mövcuddur. 2025-ci ilin ilk səkkiz ayı üzrə bitkiçilik məhsullarının ümumi dəyərinin 2,5% azalması təkcə illik dəyişkənlik deyil, uzunmüddətli struktur problemlərinin davam etdiyini göstərən indikator kimi çıxış edir. Buğda üzrə məhsuldarlığın 30–32 sentner səviyyəsində sabitləşməsi, quraq zonalarda isə 25 sentnerə qədər enməsi, genetik potensialın isə 60–80 sentner olması mövcud istehsal modelinin yüksək məhsuldarlıq texnologiyalarını mənimsəmədiyini sübut edir. Pambıqçılıqda 2020-ci ildən sonra müşahidə olunan geriləmə və tərəvəzçilikdə artımın yalnız ekstensiv genişlənmə hesabına baş verməsi də eyni struktur uyğunsuzluğun müxtəlif sahələrdəki təzahürüdür.

Bu uyğunsuzluğun səbəbləri həm bioloji–aqronomik, həm də institutsional müstəvidə bir-birini tamamlayan mexanizmlərlə izah olunur. Müasir intensiv sortların yüksək metabolik aktivliyi onların torpaqdan daha çox qida maddəsi tələb etməsinə səbəb olur. Bu tələbat ödənmədikdə bitki “qida stressi” yaşayır və immunitet zəifləyir. Nəticədə xəstəliklərə qarşı həssaslıq artır və genetik potensialın reallaşması mümkünsüzləşir. Torpağın bioloji tükənməsi isə problemin daha dərin qatını təşkil edir. Makroelementlərə fokuslanmış gübrələmə modeli mikroelement balansını pozur və bitkinin qida maddələrini mənimsəmə qabiliyyətini zəiflədir. Üzvi maddələrin torpağa qaytarılmaması mikrofloranın məhvinə, torpağın “bioloji ölü” vəziyyətə düşməsinə səbəb olur. Belə şəraitdə ən yüksək genetik potensiala malik toxum belə real nəticə vermir.

Aqrotexniki intizamsızlıq da məhsuldarlıq itkisini dərinləşdirən amillərdəndir. Növbəli əkinin pozulması torpaqda allelopatik, yəni bitkilərin ifraz etdiyi toksinlərin yığılmasına və məhsuldarlığın avtomatik olaraq 15–20% azalmasına gətirib çıxarır. Suvarma sistemlərindəki səhvlər, xüsusilə selləmə suvarma, torpağın strukturunu pozur, humusu yuyur və şoranlaşmanı sürətləndirir. Bu isə həm qısamüddətli məhsuldarlığa, həm də torpaq münbitliyinə zərbə vurur.

Lakin aqrar sahədəki institutsional problemlər bu bioloji və texnoloji çatışmazlıqları daha da gücləndirir və sistemin bütövlükdə səmərəliliyini aşağı salır. Aqrar idarəetmənin parçalanmış strukturu, funksional koordinasiyanın zəifliyi və məlumat axınının natamamlığı fermerlərin qərarvermə imkanlarını məhdudlaşdırır. Aqrar idarəetmənin parçalanmış olması o deməkdir ki, kənd təsərrüfatı ilə bağlı funksiyalar müxtəlif qurumlar arasında bölünüb, lakin bu qurumlar bir-biri ilə kifayət qədər əlaqəli işləmir. Məsələn, torpaq analizi bir qurumda, subsidiyalar başqa qurumda, suvarma idarəçiliyi isə tam fərqli bir strukturdadır. Bu parçalanma nəticəsində vahid strategiya formalaşmır və fermerə çatmalı olan məlumatlar dağınıq şəkildə qalır.

Funksional koordinasiyanın zəifliyi isə bu qurumların bir-biri ilə məlumat mübadiləsi aparmaması, qərarların uzlaşmaması və sahədə real problemlərə operativ reaksiya verilməməsi deməkdir. Nəticədə, məsələn, torpaq analizi laboratoriyalarının məlumatları subsidiyaları planlaşdıran quruma çatmır, suvarma ilə bağlı qərarlar torpağın real vəziyyətinə uyğun olmur və ya xəstəliklərlə mübarizə tədbirləri vaxtında koordinasiya edilmir.

Məlumat axınının natamamlığı isə fermerlərin ən vacib qərarları — nə əkim, nə qədər gübrə verim, hansı suvarma rejimini seçim, hansı xəstəlik riski var — kimi suallara elmi əsaslı cavab ala bilməməsi deməkdir. Çünki məlumatlar ya toplanmır, ya təhlil edilmir, ya da fermerə çatdırılmır. Bu halda fermer qərarları intuisiya, ənənəvi təcrübə və ya təsadüfi məsləhətlər əsasında verir.

Nəticə olaraq, sistemin parçalanması, koordinasiyanın zəifliyi və məlumat boşluğu fermerin düzgün qərar vermək imkanını məhdudlaşdırır və məhsuldarlıq boşluğunun əsas institutsional səbəblərindən birinə çevrilir.Aqrar məsləhət xidmətlərinin zəifliyi nəticəsində fermerlər torpaq analizi, gübrələmə norması, suvarma rejimi və xəstəliklərlə mübarizə kimi sahələrdə elmi əsaslı məlumat əldə etmir və qərarlar ənənəvi təcrübəyə əsaslanır. Subsidiyaların strukturunda da institutsional uyğunsuzluqlar mövcuddur: mövcud mexanizmlər çox vaxt qısamüddətli nəticələri stimullaşdırır, lakin torpaq sağlamlığının bərpası, suvarma texnologiyalarının modernləşdirilməsi və dəqiq əkinçilik kimi uzunmüddətli səmərəlilik yaradan sahələrə yönəlmiş stimullar kifayət qədər güclü deyil. Aqrar statistikanın keyfiyyəti ilə bağlı problemlər isə aqrar siyasətin planlaşdırılmasını çətinləşdirir və resursların yanlış istiqamətə yönəlməsinə səbəb olur.

Bu problemlərin həlli üçün tələb olunan yanaşma təkcə texniki tədbirlər toplusu deyil, həm də institutsional idarəetmə modelinin yenilənməsidir. Dəqiq əkinçilik torpağın real ehtiyaclarına uyğun gübrələmə və suvarma rejimi qurmağa imkan verir. Siderasiya torpağın bioloji aktivliyini bərpa edir, dərin yumşaltma isə kök sisteminin inkişafını stimullaşdırır. Lakin bu texnologiyaların geniş tətbiqi üçün institutsional dəstək — güclü məsləhət xidməti, koordinasiyalı idarəetmə, düzgün hədəflənmiş subsidiyalar və etibarlı statistika — həlledici rol oynayır.

Analitik baxış göstərir ki, mövcud vəziyyət toxum seleksiyasının inkişafı ilə torpaq idarəçiliyi və aqrar idarəetmə sistemi arasındakı uyğunsuzluğun nəticəsidir. Müasir rəqəmsal dillə desək, toxum “proqram təminatı” kimi nə qədər inkişaf etmiş olsa da, torpaq “infrastruktur bazası” və institutsional çərçivə bu proqramı dəstəkləmədikcə məhsuldarlıq artımı mümkün olmur. Buna görə torpağın qidalanma və suvarma rejiminin elmi əsaslarla yenidən qurulması, institutsional idarəetmənin modernləşdirilməsi və aqrar xidmətlərin gücləndirilməsi sektorun uzunmüddətli dayanıqlığı üçün strateji zərurət olaraq qalır.

 

 

Alosmanov Ağaməhəmməd

“İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İB-nin mütəxəssisi

 

Seçilən
42
qht.az

1Mənbələr