AZ

Çindən ABŞ-yə “beynəlxalq quldurluq” ittihamı

Çin ABŞ-nin Karib hövzəsində üçüncü Venesuela neft tankerini ələ keçirməsinə sərt reaksiya verib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi bu addımı beynəlxalq hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirib və Venesuelaya dəstəyini açıq şəkildə ifadə edib. Nazirliyin sözçüsü Lin Cien bazar ertəsi Pekində keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-nin digər ölkələrə məxsus gəmiləri özbaşına ələ keçirməsi qəbuledilməzdir.

“ABŞ-nin digər dövlətlərə məxsus gəmiləri əsassız şəkildə ələ keçirməsi beynəlxalq hüququn ağır şəkildə pozulmasıdır”, – deyə Lin Cien vurğulayıb.

Çin rəsmisi qeyd edib ki, Pekin beynəlxalq hüquqa əsaslanmayan və ya BMT Təhlükəsizlik Şurasının mandatı olmadan tətbiq edilən birtərəfli sanksiyalara qəti şəkildə qarşıdır.

“Çin beynəlxalq hüquqda hüquqi əsası olmayan, yaxud BMT Təhlükəsizlik Şurasının sanksiyası ilə təsdiqlənməyən bütün birtərəfli və qanunsuz məhdudiyyətlərə etiraz edir”, – deyə o əlavə edib.

Xatırladaq ki, ABŞ daha əvvəl Karib dənizində Venesuelaya məxsus bir neçə neft tankerini ələ keçirmişdi. Bu addımlar beynəlxalq aləmdə mübahisələrə səbəb olmaqla yanaşı, Vaşinqtonla Pekin arasında mövcud gərginliyi daha da artırıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
54
editor.az

1Mənbələr