Bakı, 22 dekabr, AZƏRTAC
Maraqlı bir ili geridə qoyacağıq. Həm məşqlər, həm də yarışlar baxımından dolu bir il idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva 2025-ci ilin yekunlarını dəyərləndirərkən deyib.
Avropa və dünya çempionu bu il qazandığı uğurların yalnız şəxsi nailiyyət olmadığını, eyni zamanda, ölkədə şahmatın inkişafına təkan verdiyini və gənclər üçün stimul xarakteri daşıdığını bildirib: “Qazandığımız medallar gənclər üçün motivasiya olacaq. Hər dəfə beynəlxalq arenalarda Azərbaycan bayrağını dalğalandırmaq və himnimizi səsləndirmək qürurverici hissdir. Növbəti yarışlarda da bu uğurların davamını gətirmək, xüsusilə də 2026-cı ildə keçiriləcək Şahmat Olimpiadasında yüksək nəticə göstərmək istəyirik”.
Xatırladaq ki, ötən ay qadın şahmatçılardan ibarət Azərbaycan komandası tarixində ilk dəfə dünya çempionatında ikinci yeri tutub. Ülviyyə Fətəliyeva 10 partiyada 6 xal toplamaqla bütün şahmatçıları qabaqlayaraq qızıl medala layiq görülüb.