AZ

Blinken: Putinə ediləcək güzəştlər onu qane etməyəcək və müharibəni dayandırmayacaq

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken hesab edir ki, Ukraynanı Rusiyaya güzəştlərə məcbur etmək cəhdləri nə dayanıqlı sülhə gətirib çıxaracaq, nə də Rusiya Prezidenti Vladimir Putini qane edəcək. Onun sözlərinə görə, hətta atəşkəsə nail olunsa belə, Ukrayna gələcəkdə Rusiyanın yenidən aqressiyaya başlamasının qarşısını alacaq etibarlı təhlükəsizlik zəmanətlərlə təmin edilməlidir.

Bizimyol.info xəbər verir ki, Blinken bu fikirləri CNN telekanalına müsahibəsində səsləndirib.

O bildirib ki, hazırkı mərhələdə cəbhə xəttində ciddi dəyişiklik gözlənilmir. Keçmiş dövlət katibinin sözlərinə görə, Rusiya son bir il ərzində on minlərlə hərbçisini itirməsi və yüz minlərlə yaralının olması bahasına Ukrayna ərazisinin cəmi təxminən bir faizini ələ keçirə bilib.

Blinken vurğulayıb ki, münaqişənin müvəqqəti də olsa tənzimlənməsi üçün əsas məsələ Rusiyanın gələcəkdə hücumu bərpa etməsinin qarşısını alacaq güclü çəkindirmə mexanizminin yaradılmasıdır. Onun fikrincə, mümkün razılaşma çərçivəsində müəyyən ediləcək xətt boyunca beynəlxalq qüvvələrin yerləşdirilməsi, Ukraynanın müdafiə sənayesinin inkişaf etdirilməsi, eləcə də ABŞ tərəfindən kəşfiyyat məlumatları və silah təminatının davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Keçmiş dövlət katibi Donald Tramp administrasiyasının Ukraynanı güzəştlərə məcbur etməklə müharibəni dayandırmaq strategiyasının uğurlu olacağına inanmadığını da bildirib. Blinkenin sözlərinə görə, Ukraynadan öz ərazilərindən könüllü imtina etməyi tələb etmək aqressiyanı mükafatlandırmaq deməkdir.

O əlavə edib ki, Putinin məqsədi yalnız Donbas üzərində nəzarəti ələ keçirmək deyil. “Onun əsas hədəfi Ukraynanı müstəqil dövlət kimi zəiflətmək və onu bu və ya digər formada Rusiyaya bağlamaqdır”, – deyə Blinken vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna qüvvələrinin Donetsk vilayətindən geri çəkilməsi təklifini ədalətsiz adlandıraraq ölkəsinin mövqelərini tərk etməyəcəyini bəyan edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
bizimyol.info

1Mənbələr