AZ

Maka Boçorişvili: Xarici təhdidlərə qarşı diplomatik xidmət əsas müdafiə xəttidir

Tbilisi, 22 dekabr, AZƏRTAC

Hazırkı şəraitdə diplomatik xidmətin gücləndirilməsi hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Səfirlər Konfransında çıxışı zamanı söyıəyib. Onun sözlərinə görə, Gürcüstan iki bölgəsinin işğalı və ərazi bütövlüyünün dinc yolla bərpası kimi ən ciddi təhlükəsizlik çağırışları ilə üz-üzə qalsa da, son illərdə nəzərəçarpacaq inkişaf əldə edib. O qeyd edib ki, sürətlə dəyişən qlobal və regional proseslər ölkəyə birbaşa təsir göstərir və bu şəraitdə ardıcıl, praqmatik, milli maraqlara əsaslanan xarici siyasətin həyata keçirilməsi həyati əhəmiyyət kəsb edir.

Nazir vurğulayıb ki, artan geosiyasi gərginlik və qeyri-müəyyənlik diplomatik xidmətin üzərinə düşən məsuliyyəti daha da artırır. Gürcüstanın Xarici İşlər Nazirliyi hibrid təhdidlərə, dezinformasiyaya, siyasi və iqtisadi təzyiqlərə, eləcə də ölkənin sabitliyini sarsıtmağa yönəlmiş cəhdlərə qarşı mühüm müdafiə xətti rolunu oynayır."Son dövrlərdə ölkənin siyasi seçimlərinə və institusional etibarlılığına yönəlmiş xarici müdaxilələr ciddi problemə çevrilib. Bu kontekstdə keçmiş prezidentin yaratdığı süni maneələri və diplomatik xidmətin üzləşdiyi çətinlikləri qeyd etməmək mümkün deyil”, – deyə Maka Boçorişvili bildirib.

O diqqətə çatdırıb ki, Gürcüstanın 82 diplomatik nümayəndəliyindən 36-sı 2025-ci ildə təyin edilib və bu, diplomatik xidmətin normal fəaliyyəti baxımından vacib addımdır. Eyni zamanda, Xarici İşlər Nazirliyində fundamental islahatlara start verildiyini bildirən Boçorişvili qeyd edib ki, məqsəd həm təcrübəli diplomatları, həm də müasir çağırışlara cavab verən gənc, savadlı kadrları bir araya gətirərək daha çevik və effektiv xarici xidmət formalaşdırmaqdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Seçilən
76
azertag.az

1Mənbələr