Türkiyəli ziyarətçilərin Azərbaycana marağı getdikcə artır. Ölkəmizə gələn xarici turistlər arasında türkiyəli ziyarətçilər hər zaman ön sıralardadırlar.
Teleqraf xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında Baş nazir Əli Əsədov deyib.
O qeyd edib ki, eyni zamanda Türkiyə ənənəvi olaraq Azərbaycan turistlərinin ən çox seçdikləri istiqamətlərdən biridir: "Təkcə bu ilin 11 ayında 800 mindən artıq Azərbaycan turisti Türkiyəni ziyarət edib.
Bu günlərdə İstanbulda Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi açıldı. Bu ofis həm qarşılıqlı turist axınının güclənməsinə, həm də turizm sahəsində əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.
Biz ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlığa böyük önəm veririk.
2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilmiş COP29 sammitində yüksək səviyyədə iştirakına görə Türkiyə tərəfinə bir daha təşəkkürümüzü ifadə edirik.
Fürsətdən istifadə edərək COP31-in ev sahibi seçilməsi münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirik. Antalya şəhərinin seçilməsi Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə səylərinə verilən yüksək qiymətdir. Azərbaycan hazırlıq prosesində qardaş Türkiyəyə hərtərəfli dəstəyini göstərməyə hazırdır.