Azərbaycan Basketbol Liqasının X turunun "Sabah" - "Abşeron Lions" (97:101) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Rimas Kurtinaytis üçüncü hakimin görüşə gecikməsindən, eləcə də ümumi hakim idarəetməsindən narazı qalıb.
Azərbaycan Basketbol Federasiyasından Teleqraf-a məsələ ilə bağlı açıqlama verilib.
"Bildiyiniz kimi Azərbaycan Basketbol Liqasının (ABL) oyunları üç hakim sistemi ilə idarə olunur. Lakin sözügedən qarşılaşmada olduğu kimi fors-major hallarda FIBA qaydalarına əsasən oyunun iki hakimlə başlanmasına, üçüncü hakimin oyuna sonradan qoşulmasına və ya görüşün iki hakimlə tamamlanmasına heç bir maneə yoxdur.
Bu səbəbdən, müvafiq oyunda yaranmış fors-major vəziyyəti ilə əlaqədar olaraq, oyunun iki hakimlə başlaması hər iki kluba təklif olunmuş və daha sonra klubların qarşılıqlı razılığı əsasında qarşılaşma iki hakimlə başlamış, birinci periodun gedişində üçüncü hakimin oyuna qoşulması ilə görüş üç hakim sistemi ilə davam etdirilərək başa çatdırılmışdır.
Oyunla bağlı qeydə alınan digər məsələ hakimlərin idarəçiliyi ilə əlaqədar olmuşdur. Aparılan ətraflı təhlil nəticəsində qarşılaşma ərzində hər iki komandanın lehinə və əleyhinə həm ciddi, həm də xırda hakim səhvlərinin olduğu müəyyən edilmişdir. Bununla belə, bu səhvlərin oyunun yekun nəticəsinə birbaşa təsir göstərmədiyi qənaətinə gəlinmişdir. Buna baxmayaraq, sözügedən oyunu idarə edən hakimlər barəsində intizam tədbirlərinin görülməsi və oyun cəzasının tətbiq edilməsi qərara alınmışdır", - deyə bildirilib.