AZ

AGF üzvü: “Uğurların davamlı olması üçün kütləvilik önəmli şərtdir”

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Namiq Abdullayevin “Futbolpress.az“a müsahibəsi:

– Azərbaycan güləşinin mövcud durumunu necə şərh edərdiniz?

– Güləş Azərbaycan idmanının lokomotivi olaraq qalır. Müstəqil ölkə kimi qatıldığımız Olimpiadalarda 56 medal qazanmışıq ki, bunun da yarısı güləşin payına düşür. Güləş həm medalların sayına, həm də əyarına görə ölkə idmanında liderlik edir. Bu da səbəbsiz deyil. Güləş atalardan bizə qalan mirasdı. Ölkəmizdə uzun tarixə malik zəngin ənənələri var. Hətta SSRİ dönəmində də ölkəmizə ilk olimpiya medalını qazandıran idmançı güləşçi Rəşid Məmmədbəyov olub. Bu gün ölkədə kifayət qədər güləşçi və onların bu idman növü ilə məşğul olması üçün zallar var. Amma biz bununla kifayətlənmirik. Çünki dünya güləşində rəqabət gündən-günə artır. Vaxtilə ciddi rəqib sayılmayan ölkələr indi güləşdə boy göstərir. Bu rəqabət fonunda uğur baxımından sabitliyi qorumaq üçün daim öz üzərimizdə işləməli və daha da inkişaf etməliyik. Biz də bu istiqamətdə əlimizdən gələni edirik.

– Son illərdə ölkədə ən populyar və beynəlxalq arenada ən çox medallar qazandıran növ güləşdir. Uğuru gətirən amillər hansılardır?

– Fikrimcə, ənənələr, qurulan sistem bunda həlledici rol oynayır. Tarixdə qazanılan uğurlar kütləviliyə səbəb olub. Kütləvilik isə özüylə keyfiyyət gətirib. Ölkədə güclü rəqabət var. Bu da milli komandanın gücünü stabil saxlamağa və davamlı nəticə verməyə imkan verir,

– Sonuncu böyük turnir İslamiada oldu. İdmançıların nəticələrindən razı, ya narazı qaldınız? Konkret olaraq, ümidlər doğruldumu?

– İslamiada ilin son məsul yarışı idi. Bu dəfə əvvəlkilərdən fərqli olaraq, yalnız olimpiya çəkilərində mübarizə baş tutdu. Bu da gərgin rəqabətdən xəbər verirdi. Yarışda ölkəmizi təmsil edən 18 güləşçidən 11-i fəxri kürsüyə qalxdı ki, bunu da kifayət qədər uğurlu nəticə saymaq olar. 2 qızıl, 5 gümüş və 4 bürünc medal qazandıq. Ancaq medalların əyarında daha yaxşı nəticə göstərə bilərdik. Bir qədər idman xoşbəxtliyi üzümüzə gülmədi. Ən azı 2 finalda son saniyələrdə qələbəni əldən verdik. Amma bütün bunlar idmançılarımız üçün gələcək yarışlar adına yaxşı bir təcrübə rolunu oynadı.

– Uşaq və gənclər arasında güləşin təbliğatı istiqamətində hansı işlər görülür?

– Az öncə qeyd etdiyim kimi, uğurların davamlı olması üçün kütləvilik önəmli şərtdir. Kütləviliyə nail olmaq üçün güclü təbliğat və təşviqat işləri aparılmalıdır. Azərbaycan Güləş Federasiyası özünün sosial media səhifələrində bu idman növünün təbliğatı üçün fəal iş görür. Bununla yanaşı, müxtəlif layihələr həyata keçirilir. Bu mənada titullu güləşçilərimizin müxtəlif zallarda yeniyetmə və gənclərlə görüşməsi, öz təcrübələrini onlarla bölüşmələri böyük rol oynayır. Bir müddət öncə başlatdığımız “Güləşə gəl” və daha sonra cənab prezidentin “Qarabağa böyük qayıdış” çağırışına qoşularaq həyata keçirdiyimiz “Güləş Qarabağda” kampaniyası da bu təbliğat və təşviqat xarakterli layihələrin tərkib hissəsidir. Elm və Təhsil Nazirliyi ilə, müxtəlif məktəblərlə, Gənclər evləriylə bu istiqamətdə ortaq tədbirlərimiz olub. Sözsüz, bu işdə medianın dəstəyini mütləq qabartmalıyıq. Bu təbliğat xarakterli tədbirlərin işıqlandırılmasında və daha çox insana çatdırılmasında KİV-in rolu danılmazdır. Gələcəkdə bu istiqamətdə daha intensiv fəaliyyət göstərəcəyik.

– 2025-ci ili Azərbaycan güləşi üçün uğurlu saymaq olarmı? Və bu ildə federasiya olaraq hansı işlərə nail oldunuz.

– Ümumilikdə ili məhsuldar saya bilərik. Statistik göstəricilər də bunu deyir. Müxtəlif yaş qruplarında 6 komandamız Avropa çempionu oldu. Ümumilikdə Avropa və dünya çempionatlarında bu il 14 dəfə ilk “3-lük”də yer almışıq. Fərdi uğurlara gəlincə, qitə birinciliklərində 22 qızıl, 21 gümüş, 30 bürünc, dünya çempionatlarında 11 qızıl, 6 gümüş, 18 bürünc, digər beynəlxalq yarışlarda isə 32 qızıl, 48 gümüş, 64 bürünc medal qazanmışıq. Ümumilikdə güləşçilərimiz bu il 65 qızıl, 75 gümüş, 112 bürünc medal əldə edib. Bu il bir sıra güləş zallarının açılışı baş tutub. Azərbaycan güləş tarixində ilk dəfə U15, U17 və U20 ölkə birincilikləri Bakıda yox, başqa şəhərlərdə keçirilib.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
futbolpress.az

1Mənbələr