ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Şabran (Padar Rəhimli) yolunda gecə vaxtı hərəkət edən bir sürücü qarşılaşdığı təhlükəli yol şəraitini videoçəkilişə alaraq sosial şəbəkələrdə paylaşıb. Kadrlarda görünür ki, sürücü müəyyən bir məsafəni qət etdikdən sonra yol birdən-birə bitir və iri çalalar, çökmüş hissələr başlayır. Yolun həmin hissəsi tamamilə dağılmış vəziyyətdədir, nə asfalt örtüyü var, nə də təhlükəsizlik nişanları qoyulub. Bu vəziyyət nəinki nəqliyyatın rahat hərəkətinə mane olur, hətta qəza riskini də xeyli artırır.Yolun bu vəziyyətdə qalmasının səbəbi nədir və həmin hissənin bərpası üçün AAYDA tərəfindən hər hansı tədbir nəzərdə tutulubmu?
Yaranan suala cavab tapmaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, hazırda maliyyə vəsaitinin ayrılması gözlənilir: “Sözügedən yolun bərpası ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Hazırda maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait təsdiqlənən kimi bərpa işlərinə başlanılacaq.
Təhlükəsizlik məsələsinə gəlincə, ərazidə agentliyimiz tərəfindən xəbərdaredici yol nişanları və maneələr bir neçə dəfə quraşdırılsa da, bəzi vətəndaşlar tərəfindən sökülərək kənarlaşdırılıb. Bu səbəbdən Agentlik əraziyə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı yenidən tapşırıq verib. Hazırda əks istiqamətdə xəbərdaredici yol nişanları qalsa da, həmin istiqamətdə də nişanların bir neçə dəfə sökülüb”.
“İddia etdiyiniz nüansa əsasən; bəzi vətəndaşlar tərəfindən xəbərdaredici yol nişanları və maneələri niyə yoldan yığışdırılıb? Bunlar kimə mane olur?” sualına qurum nümayəndəsi tərəfindən cavab verilmədi.
Günel Həsənova, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.