Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən və “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” mövzusuna həsr olunan konfrans çərçivəsində “Dövlətin media və cəmiyyət ilə kommunikasiyası media savadlılığı kontekstində” adlı dəyirmi masa təşkil olunub.
Tədbirdə Amerika Birləşmiş Ştatları, Albaniya, Qazaxıstan, Macarıstan, Pakistan və Özbəkistanı, həmçinin ölkəmizi təmsil edən aidiyyəti qurumların səlahiyyətli nümayəndələri və sahə üzrə mütəxəssislər iştirak ediblər.
Dəyirmi masaya moderatorluq edən Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov bildirib ki, rəqəmsallaşma və süni intellekt texnologiyalarının sürətli inkişafı dövlət qurumlarının media və cəmiyyətlə kommunikasiya modellərinə yeni yanaşmalar tələb edir. Onun sözlərinə görə, bu prosesdə media savadlılığının gücləndirilməsi ictimai etimadın möhkəmləndirilməsi və informasiya mühitində sağlam qarşılıqlı əlaqənin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.
Müzakirələr zamanı dövlətin informasiya siyasətinin formalaşdırılmasında media savadlılığının rolu, rəqəmsal platformalarda etibarlı və məsuliyyətli kommunikasiya mexanizmləri, eləcə də süni intellektin ictimai məlumatlandırma prosesinə təsiri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, media savadlılığı kontekstində qurulan effektiv dövlət–media–cəmiyyət əlaqələri dezinformasiya risklərinin azaldılmasına, vətəndaşların məlumatlara sorğulayıcı yanaşma bacarıqlarının gücləndirilməsinə və ümumi informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.













