AZ

Türk politoloq: Ankara-Bakı xəttindəki siyasi uyğunluq Cənubi Qafqazda balanslaşdırıcı amil kimi çıxış edir

Bakı, 22 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycan ərazisi üzərindən Ermənistan yüklərinin tranzitinə başlanması Cənubi Qafqazda formalaşan yeni siyasi-iqtisadi reallıqlar fonunda diqqət mərkəzindədir. Ermənistanın Baş naziri Nikol Paşinyanın bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür bildirməsi regionda güc balansının və təşəbbüs mərkəzinin dəyişdiyini göstərən mühüm siyasi siqnal kimi qiymətləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Emir Aksoy bildirib.

Onun sözlərinə görə, Azərbaycanın tranzitə razılıq verməsi özünəinamın, nəzarətin və strateji səbrin göstəricisidir: “Prezident İlham Əliyev bu qərarı emosional yanaşma ilə deyil, uzunmüddətli dövlət maraqlarına əsaslanan rasional hesablamalarla qəbul edib. Azərbaycan bu addımla göstərir ki, sülhü güzəşt kimi deyil, öz şərtləri və maraqları çərçivəsində formalaşdıra bilir. Bu, Bakının artıq təkcə hərbi deyil, siyasi və iqtisadi müstəvidə də oyunun əsas qurucusu olduğunu nümayiş etdirir”.

Ekspertin fikrincə, bu qərar Azərbaycanın təhlükəsizlik anlayışının çoxşaxəli xarakter daşıdığını da ortaya qoyur. O bildirib ki, Bakı suverenliyini və sərhədlərini qorumaqla yanaşı, regional ticarət və nəqliyyat xətlərini strateji rıçaq kimi istifadə etməyi bacarır. “Ermənistanın Azərbaycanın tranzit imkanlarından yararlanması Bakının nəzarəti və razılığı ilə mümkündür ki, bu da regiondakı real güc münasibətlərini açıq şəkildə göstərir”, - deyə politoloq əlavə edib.

Mehmet Emir Aksoy, həmçinin Azərbaycan ilə Türkiyə arasında mövcud olan strateji tərəfdaşlığın bu prosesdə xüsusi rol oynadığını qeyd edib. Ankara-Bakı xəttindəki siyasi uyğunluq təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazda sabitlik və iqtisadi inteqrasiya üçün balanslaşdırıcı amil kimi çıxış edir.

Ekspert sonda vurğulayıb ki, bu addım Ermənistan üçün edilən jestdən daha çox, regiona ünvanlanan açıq mesajdır: “Bu, Azərbaycanın sülhün təşəbbüskarı, sabitliyin təminatçısı və regionun gələcəyini müəyyən edən əsas aktor olduğunu təsdiqləyən siyasi mövqedir”.

 

Seçilən
60
azertag.az

1Mənbələr