AZ

Ömrünü rənglərə həsr edən sənətkar

Mingəçevir, 22 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

İncəsənət ruhun aynasını və estetik baxışın təcəssümünü yaradıcılıq dünyasında canlandıran sonsuz bir ümmandır. Bu ümmanın hər bir damlası fərqli rənglərin, duyğuların və dərin zəhmətin məhsuludur. Həqiqi rəssam üçün ən güclü stimul isə heç şübhəsiz ki, sənətə olan sonsuz sevgidir. Bu sevgi rəssamdan yalnız istedad deyil, həm də daim öz üzərində işləməyi, dəqiq müşahidə qabiliyyətini, bitməyən yaradıcılıq axtarışını və görmək bacarığını tələb edir. İllərlə formalaşan səbr, əzmkarlıq və özünəməxsus dəst-xətt sənətkarın imzasını əbədiləşdirən əsas amillərdir.

Bu fikirlər təkcə nəzəriyyə deyil, illərin zəhməti ilə rəssamlıq sənətinin ən incə dərinliklərinə bələd olan, fırçası ilə zamanın nəbzini tutan Rafael Haşımova (Zeynal) məxsusdur. AZƏRTAC-ın bölgə müxbiri Əməkdar rəssamla görüşüb, onun ömür yoluna işıq tutan zəngin yaradıcılığı və sənət fəlsəfəsi ilə yaxından maraqlanıb.

Rafael Haşımov 1959-cu ildə Mingəçevir şəhərində anadan olub. Rəssamlıq sənətinə atasının istəyi ilə gəlib. Bu sənətə könül verən sənətkar yaradıcılığını da Mingəçevirdə davam etdirib. “Həvəskar rəssam olan atam Zeynal kişinin ən böyük arzusunu reallaşdırdım. Rəssamlıq üzrə dərnəyə getdim, 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil oldum. 1979-cu ildə təhsilimi yarımçıq qoyaraq Əfqanıstana hərbi xidmətə yollandım. 1981–1983-cü illərdə təhsilimi davam etdirdim. Daha sonra Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakultəsində oxudum”, - deyə Rafael Zeynal bildirir.

Ömrünü rəssamlığa həsr edən sənətkar illərdir ki, doğma şəhəri Mingəçevirdə yaşayıb, yaradır. Uzun illər ərzində Mingəçevir Dövlət Dram Teatrının baş rəssamı olmuş Rafael Zeynal 100-dən artıq tamaşaya bədii tərtibat verib. Quruluşçu rəssamı olduğu Hüseyn Cavidin "Ana" tamaşası 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. 2013-cü ildə Əməkdar rəssam fəxri adını alan sənətkar 2018-ci ildə "Tərəqqi" medalına layiq görülüb.

İllərdir sənət yolunda inamla addımlayan təcrübəli rəssam özünəməxsus üslubu və dərin məzmunlu əsərləri ilə seçilir. Onun tablolarında milli-mənəvi dəyərlər, təbiət gözəllikləri və insan duyğuları ustalıqla əks olunur. Sənətkar yaradıcılığında klassik rəssamlıq ənənələrinə sadiq qalmaqla yanaşı, müasir yanaşmalardan da məharətlə istifadə edir. Uzun illərin təcrübəsi ona rənglərin harmoniyasını, kompozisiyanın incəliklərini və təsvirin emosional gücünü daha dolğun çatdırmaq imkanı verib.

“Quaş, akvarel, sulu və yağlı boya, kömürlə müxtəlif janrlarda 100-lərlə əl işim var. Məni sürrelaist rəssam da adlandırmaq olar. Yağlı boya ilə işləmə üsulu olan, xüsusən də çoxsaylı şəffaf və yarımşəffaf qatların üst-üstə çəkilməsi ilə canlı və işıqlı rənglərin əldə edilməsini təmin edən, rəsmlərə dərin kolorit, güclü işıq effektləri verən “Flamand” texnikasından da istifadə edirəm”, - deyən Əməkdar rəssam vurğulayır ki, sənətkarlıqla yanaşı, bildiklərini başqalarına öyrətmək də vacib məsələdir. “Məni bu sənətə atam həvəsləndirdi. Qardaşım da zərgər idi. Biz ömrümüzü sənətlə bağladıq. Mən də rəssamlığa maraq duyan gənclərimizin istedadını cilalamağı özümə borc bilirəm. Tələbələrim var, onların istedadı, nailiyyətləri məni çox sevindirir. Şəxsi emalatxanam olsa, bildiklərimi daha çox gənclə böyük məmnuniyyətlə bölüşərəm. 6 nəvəm var, onlardan ən kiçiyinin adı Rafaeldir. Onun da sənətimi davam etdirməsini çox istərdim”, - deyə sənətkar bildirir.

Əməkdar rəssamın daha bir arzusu azad edilmiş torpaqlarda Qarabağın gözəlliklərini kətana köçürməkdir. “Neçə-neçə şəhidin rəsmini çəkmişəm. Özüm Birinci Qarabağ müharibəsinin iştirakçısıyam, oğlum isə Vətən müharibəsi veteranıdır. İkimizin də döyüş yolumuz Qarabağdan keçib. Bir zamanlar uğrunda döyüşdüyüm torpaqlara indi rəssam kimi getmək istəyirəm. Bunu ən yaxın zamanda reallaşdıracağam”, - deyə Rafael Zeynal söyləyir.

Onun bu arzusu sadəcə fərdi bir istək deyil, eyni zamanda, vətənpərvər bir sənətkarın torpağa olan borcunun təsviri ifadəsidir. Bir zamanlar əlində silahla qoruduğu dağları, dərələri indi rənglərin dili ilə canlandırmaq Rafael Zeynal üçün yaradıcılığının ən uca zirvəsi olacaq. İnanırıq ki, sənətkarın bu xəyalları tezliklə reallaşacaq və Qarabağın azad nəfəsi onun yeni tablolarında əbədi yaşayacaq. Rəssamın fırçasından süzülən hər bir boya gələcək nəsillər üçün həm bir qəhrəmanlıq dastanı, həm də misilsiz sənət nümunəsi kimi qalacaq. Belə sənətkarların varlığı milli mədəniyyətimizin zənginləşməsi və tariximizin rənglərlə sənədləşdirilməsi baxımından əvəzsizdir.

 

 

Seçilən
71
azertag.az

1Mənbələr