AZ

Salonikidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Afina, 22 dekabr, AZƏRTAC

Saloniki şəhərində “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycanın Yunanıstandakı səfirliyin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Saloniki şəhərində yaşayan Azərbaycan icmasının üzvləri, burada akkreditə olunmuş diplomatik korpus heyəti, digər diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləri, yerli sakinlər iştirak ediblər.

Tədbiri açan “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov bu əlamətdar günün Azərbaycan üçün əhəmiyyətindən danışıb. O, Azərbaycan diasporunun təşkilatlanma tarixinə toxunub, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ölkə idarəçiliyinə qayıtması ilə başlayan bu yolun 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının Birinci Qurultayı ilə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Tədbirdə diaspor təşkilatlarının fəaliyyət istiqamətləri və gənclərin rolundan bəhs olunub. Prezident İlham Əliyevin rəhbərliyi altında və onun göstərdiyi qayğı sayəsində bütün bu nailiyyətlərin əldə edildiyi diqqətə çatdırılıb.

Daha sonra səfirliyin birinci katibi Əminə Zalova çıxış edərək 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi, mahiyyəti və bu günün təsis edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolu haqqında iştirakçılara məlumat verib. Ümummilli Liderin müdrik siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın birliyi və həmrəylinin ölkəmizin inkişafını təmin etdiyi, Azərbaycanın bu gün regionda lider dövlət olduğu və qalib dövlət kimi tarixinin ən parlaq səhifəsini yaşadığı vurğulanıb. Tədbir ziyafət ilə davam etdirilib.

 
İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Seçilən
87
azertag.az

1Mənbələr