ABŞ-nin Venesuela neftinə qarşı blokadanı gücləndirməsi investorları “təhlükəsiz limanlara” yönəldir...
Poliqon The Financial Times nəşrinə istinadən xəbər verir ki, ticarət sessiyaları zamanı qızılın qiyməti bir troya unsiyası üçün 4 420 dollara çataraq tarixi rekord müəyyənləşdirib. Gümüş də analoji dinamika nümayiş etdirib və unsiyası 69,44 dollara yüksələrək bütün dövrlərin maksimumunu yeniləyib.
Analitiklərin fikrincə, qiymətli metallar bazarındakı bu sıçrayışın əsas səbəblərindən biri ABŞ-nin Venesuela neftinə qarşı blokadanı sərtləşdirməsi və bunun fonunda Yaxın Qərb yarımkürəsində geosiyasi risklərin artmasıdır. Məlumatlara görə, ABŞ prezidenti Donald Tramp Venesuela ərazisində hərbi əməliyyatlar variantını da nəzərdən keçirir. Bu isə investorların kapitalı riskli aktivlərdən çıxararaq “təhlükəsiz limanlar” hesab edilən qızıl və gümüşə yönəltməsinə səbəb olur.
Pictet Asset Management şirkətinin çoxaktivli investisiyalar üzrə baş strateqi Arun Sai bildirib ki, mövcud vəziyyət geosiyasi risklər və valyutaların dəyərdən düşməsi qorxularının eyni hedcinq aləti ilə, qızıl vasitəsilə sığortalandığını bir daha xatırladır. Onun sözlərinə görə, dəyərdən düşmə anlayışı qiymətli metalların, xüsusilə qızılın, dollar kimi ənənəvi valyutaların alıcılıq qabiliyyətinin azalmasına qarşı qoruyucu mexanizm rolunu oynaması nəzəriyyəsinə əsaslanır.
Arun Sai əlavə edib ki, investorlar qızılı bu risklərdən sığortalanma vasitəsi kimi görür və bunu edərkən bazarlardan tam çıxmağa ehtiyac duymurlar. Məhz bu səbəbdən hazırkı mərhələdə geosiyasi risklər daha çox xammal bazarlarında əks olunur, nəinki səhm və ya istiqraz seqmentlərində.
Qeyd olunur ki, ilin əvvəlindən bəri müşahidə olunan sürətli ralli nəticəsində qızıl və gümüş 1979-cu ildən, İran inqilabı dövründən bəri ən böyük illik artıma doğru irəliləyir. Həmin dövrdə inqilab neft qiymətlərində kəskin sıçrayışa səbəb olmuşdu. Cari ilin əvvəlindən etibarən qızılın qiyməti 68 faiz, gümüşün qiyməti isə 139 faiz artıb ki, bu da qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin dərinləşdiyini açıq şəkildə göstərir.
Poliqon.info